Erkən nikah və yeniyetmələrin cinsi davranışları son dövrlərdə cəmiyyətdə daha çox müzakirə olunan həssas mövzulardan birinə çevrilib. Bu günlərdə 15 yaşlı bir qızın ana olması ilə bağlı yayılan məlumatlar məsələni yenidən gündəmə gətirib. Hadisənin təcavüzlə əlaqələndirilməsi ehtimalları araşdırılsa da, ümumi tendensiya olaraq bəzi yeniyetmələrin daha erkən yaşlarda münasibətlərə və partnyor seçimlərinə maraq göstərdiyi müşahidə olunur.
Yeniyetmələrdə erkən yaşda cinsi münasibətlərə marağın artmasının əsas səbəbləri nədir? Bu, daha çox ailədaxili diqqət və ünsiyyət çatışmazlığından qaynaqlanır, yoxsa fərdi-psixoloji xüsusiyyətlərlə bağlıdır?
Bununla bağlı Sfera.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan söyləyib ki, erkən nikah və yeniyetmələrin cinsi davranışları müasir cəmiyyətdə getdikcə daha çox artan və diqqət çəkən, lakin sadə səbəblərlə izah edilə bilməyən mürəkkəb bir fenomendir:
“Son illərdə erkən yaşda münasibətlərə marağın artması yalnız fərdi seçimlərin nəticəsi deyil. Bu, bioloji inkişaf, ailə mühiti, sosial təsirlər və texnoloji faktorların qarşılıqlı təsirindən formalaşan çoxşaxəli bir prosesdir. Neyropsixoloji yanaşma bu məsələyə daha dərin və sistemli baxmağa imkan verir. Yeniyetməlik dövrü insan beyninin ən həssas inkişaf mərhələlərindən biridir. Bu dövrdə emosiyalar və mükafat mexanizmlərinə cavabdeh olan limbik sistem yüksək aktivlik göstərir, lakin davranışın tənzimlənməsi, risklərin qiymətləndirilməsi və gələcəkdəki mümkün nəticələrin proqnozlaşdırılması ilə bağlı düşünən beyin prefrontal korteks hələ tam yetkinləşmir. Nəticədə yeniyetmələr daha impulsiv qərarlar verməyə və ani istəklərin təsiri ilə hərəkət etməyə meyilli olurlar. Bu neyrobioloji balanssızlıq erkən münasibətlərə marağın artmasında əsas amillərdən biridir. Bununla paralel olaraq, hormonal dəyişikliklər və bəzi hallarda cinsi yetkinliyin erkən başlaması da cinsi marağın təbii şəkildə artmasına səbəb olur. Lakin bu marağın davranışa çevrilib-çevrilməməsi artıq sosial və psixoloji mühitdən asılıdır. Xüsusilə ailədaxili münasibətlər burada həlledici rol oynayır. Emosional yaxınlığın zəif olduğu ailələrdə, ünsiyyətin məhdud və ya yalnız qadağalar üzərində qurulduğu hallarda yeniyetmə özünü anlaşılan və qəbul edilən hiss etmək üçün alternativ münasibətlərə yönələ bilər".
Mütəxəssis erkən yaşda qurulan əlaqələrin bir çox hallarda sevgi və diqqət ehtiyacının kompensasiyası kimi meydana çıxdığını vurğulayıb:
“Ziqmund Freyd insan inkişafında erkən dövrlərin və instinktiv impulsların rolunu vurğulayaraq qeyd edirdi ki, nəzarətsiz qalan daxili istəklər davranışda müxtəlif formalarda təzahür edə bilər. Məhz bu nöqtədə texnologiya və sosial media amili xüsusi önəm qazanır. Rəqəmsal mühit yeniyetmələr üçün yalnız ünsiyyət vasitəsi deyil, həm də davranış modellərinin formalaşdığı əsas platformaya çevrilib. Münasibətlərin erkən yaşda normallaşdırılması, romantikləşdirilməsi və bəzən reallıqdan uzaq təqdim olunması yeniyetmələrin gözləntilərinə birbaşa təsir edir. Bu kontekstdə mütəxəssislər sosial mediaya çıxışın yaşa uyğun şəkildə tənzimlənməsinin vacibliyini vurğulayırlar. Uşaqların sosial media ilə təmasında mütləq yaş məhdudiyyəti olmalıdır”.
A. Aslan bildirib ki, ümumilikdə dünyada bu sərhəd 16-18 yaş aralığında qəbul edilir:
“Eyni zamanda, uşaqları tam şəkildə texnologiyadan uzaq saxlamaq da effektiv yanaşma deyil. Çünki qadağan olunan daha çox diqqət çəkir. Tövsiyə olunur ki, orta məktəb dövründən başlayaraq uşaqlara sosial mediada qarşılaşa biləcəkləri risklər, təhlükələr və faydalı tərəflər izah edilsin. Albert Bandura sosial öyrənmə nəzəriyyəsində insanların davranışları müşahidə və təqlid yolu ilə mənimsədiyini qeyd edir ki, bu da müasir dövrdə sosial medianın təsirini izah edən əsas konsepsiyalardan biridir. Nəticə olaraq, yeniyetmələrdə erkən münasibətlərə marağın artması nə yalnız ailədaxili problemlərlə, nə də təkcə fərdi psixoloji xüsusiyyətlərlə izah oluna bilər. Bu, bioloji inkişafın, emosional ehtiyacların, sosial təsirlərin və rəqəmsal mühitin qarşılıqlı təsiri nəticəsində formalaşan kompleks bir davranış modelidir. Problemin həlli isə qadağalardan çox maarifləndirmədir. Yeniyetmələrin erkən münasibətlərə yönəlməsi tək səbəblə izah olunmur. Bu, qeyd olunan müxtəlif təsirlərin bir araya gəlməsidir. Ona görə də çıxış yolu qadağalar deyil, anlayış, açıq söhbət və doğru istiqamətləndirmədir”.
Fidan Hacızadə
Sfera.az