İran Pakistan vasitəçilərinə ABŞ ilə danışıqlarda iştirak etməyə hazır olduğu barədə siqnal verib.


 


Məlumata əsasən, fundamental maneələr aradan qaldırılmadan və İran üçün məqbul razılaşmanın əldə olunacağına dair aydın perspektiv formalaşmadan Tehranın danışıqlara qoşulması üçün əsas yoxdur.


 


Bəs görəsən, İran üçün danışıqlarda ən ciddi maneə nədir?


 


Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İran və ABŞ arasında olan danışıqlar prosesinin uğursuz olmasını şərtləndirən əsas məqamlardan biri, məhz iki dövlət arasında ehtimadsızlıq mühitinin olmasıdır:


 



 


“Biz danışıqlar prosesini nəzərdən keçirdikdə, istər müharibədən öncəki dövrdə, istər müharibədən sonra atəşkəsin əldə olunmasına qədər aparılan danışıqlar dövrü aydın şəkildə onu deməyə əsas verir ki, iki dövlətin ortaya qoyduğu yanaşmalar və diktə edilən şərtləri birbaşa olaraq danışıqların uğursuz olmasını hədəfləyir. Çünki, hər iki tərəfin maksimalist yanaşmaları heç bir halda münaqişənin həll olunması istiqamətində real nəticələri özündə ehtiva etmir. Düşünürəm ki, ABŞ və İsrail tərəfi çox yaxşı anlayır ki, İran indiki mərhələdə uranın zənginləşdirilməsi ilə bağlı əldə etdiyi müəyyən naliyyətlərdən tamamilə imtina edəcək bir razılığa heç bir halda imza atmayacaq. İran tərəfi üçün nüvə proqramı və uranın zənginləşdirilməsi ilə bağlı atılan addımlar təhlükəsizlik zəmanəti olaraq qiymətləndirilir. Həmçinin beynəlxalq hüququ əsaslandırılmaqla dinc məqsədlər üçün uranın zənginləşdirilməsi istiqamətində olan hüquqlardan istfadə kimi qiymətləndirilir. Digər tərəfdən ABŞ-nin bu istiqamətdə olan iddihamları hər hansısa bir hüquqi sənədlərə və ya arqumentlərə əsaslandırılmadığı üçün nüvə proqramı ilə bağlı konkret hər hansısa bir fikrin ifadə olunmasını müşahidə edə bilmirik”.


 


Politoloq qeyd edib ki, rejim dəyişikliyi ilə bağlı ortaya qoyulan tələblərdə İsrailin daha maksimalist mövqedən çıxış etməsi, ABŞ-nin müəyyən mənada yumşaq xətti təmsil etməsi, bu istiqamətdə ABŞ-İsrail-İran arasında danışıqlar prosesində naliyyətin əldə olunmasına gətirib çıxartmır:


 


“Ümumilikdə baxdıqda, şərtlər üzərində razılıq əldə olunsa belə, bu razılığın icra olunması ilə bağlı ciddi suallar var. Çünki, ən azından hər iki tərəfin tarixi təcrübəsi, yaxın keçmişi onu deməyə əsas verir ki, götürülən öhdəliklərin həyata keçirilmə müddəti çox qısadır. Ümumiyyətlə Orta Şərqdə istər atəşkəslə bağlı, istər razılıqların əldə olunması ilə bağlı hər hansısa bir uzunmüddətli sabitliyi ehtiva edən danışıqlar prosesini müşahidə edə bilmirik. Xüsusilə də ABŞ-nin 2018-ci ildə geri çəkildiyini nəzərə alsaq, indiki məqamda İranın ABŞ ilə imzalayacağı hər hansısa bir sənədin, razılığın gələcəyə yönəlik uzunmüddətli sabitliyin zəmanəti olmaması ilə bağlı skeptik yanaşmaları da danışıqlar prosesində ən önəmli maneələrdən biri kimi qiymətləndirilə bilər”.


 


Niyaz Hacıyev


Sfera.az