Avropa Komissiyası (AK) bu qurumun Prezidenti Ursula fon der Leyenin Türkiyə ilə bağlı mübahisəli fikirlərini əsaslandırmağa çalışır. Fon der Leyen bundan əvvəl Avropa İttifaqının (Aİ) genişlənməsindən danışarkən bildirib ki, bu proses qitənin Rusiya, Türkiyə və Çinin təsiri altına düşməməsi üçün bütün Avropanı əhatə etməlidir.
Aİ-nin genişlənməsinin Rusiya, Türkiyə və Çinin təsirinə qarşı bir alət kimi təqdim olunması, Aİ-nin geosiyasi strategiyasında Türkiyəyə qarşı münasibətin dəyişdiyini göstərirmi?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli Aİ-nin Türkiyəyə yönəlik mövqeyinin demək olar ki, dəyişmədiyini bildirib.
Onun sözlərinə görə, bu qurum əvvəllər də Türkiyəyə qarşı bənzər qərəzli yanaşma sərgiləyib:
“Türkiyə təxminən 40-50 il ərzində bu ittifaqa üzv ola bilməyib və müxtəlif bəhanələrlə prosesdən kənarda saxlanılıb. Bununla yanaşı, Sovet İttifaqanın dağılmasından sonra demokratiya və iqtisadi inkişaf baxımından ciddi irəliləyiş əldə etməyən bəzi Şərqi Avropa ölkələri sürətlə Avropa İttifaqına qəbul ediliblər. Hətta keçmiş SSRİ-nin tərkibində olmuş Baltikyanı ölkələr də artıq ittifaqın üzvüdür. Buna baxmayaraq, Türkiyə uzun illər bu prosesdən kənarda qaldı. Bu baxımdan, Avropa Komissiyası prezidentinin açıqlaması Türkiyəyə münasibətdə hər hansı dəyişiklik kimi qiymətləndirilmir. Sadəcə olaraq, son dövrlərdə bu neqativ yanaşma daha açıq şəkildə ifadə olunmağa başlayıb. Artıq bu mövqeni gizlətməyə ehtiyac duyulmur və Türkiyənin müəyyən mənada rəqib, hətta bəzi hallarda potensial qarşı tərəf kimi dəyərləndirildiyi müşahidə olunur. Halbuki bu yanaşma Avropa İttifaqının növbəti strateji səhvi kimi qiymətləndirilə bilər. Çünki Qərbdə bəzi dairələr artıq anlayır ki, ABŞ tədricən Avropa İttifaqı ilə strateji münasibətlərə əvvəlki qədər önəm vermir. Mövcud şəraitdə Aİ əvvəlki kimi ABŞ üçün prioritet deyil və bəzi yanaşmalara görə, ittifaqın zəifləməsi belə müəyyən maraqlara uyğun hesab edilə bilər. Bu isə Avropanın, xüsusilə də Ukrayna kontekstində, Rusiyaya qarşı daha həssas vəziyyətdə qalmasına gətirib çıxarır. Belə bir şəraitdə hərbi strateqlər də açıq şəkildə bildirirlər ki, Avropanın təhlükəsizlik memarlığında Türkiyənin rolu əhəmiyyətli dərəcədə artıb. Çünki bir çox Avropa ölkəsinin hərbi potensialı Rusiya ilə rəqabət aparmağa hazır deyillər və bu sahədə ciddi boşluqlar mövcuddur. Bu boşluqları aradan qaldırmaq üçün isə həm zaman, həm də böyük maliyyə resursları tələb olunur”.
Politoloq əlavə edib ki, Aİ-nin təhlükəsizlik və müdafiə strategiyası müəyyən mənada Türkiyə ilə münasibətlərdən asılı vəziyyətə düşür:
“Lakin Türkiyə hazırda əsasən öz milli təhlükəsizliyinə fokuslanıb. Avropa İttifaqı Türkiyəni üzvlükdən kənarda saxladığı bir şəraitdə, Ankaranın Avropanın təhlükəsizliyi ilə bağlı geniş məsuliyyət götürməsi inandırıcı görünmür. Ümumilikdə isə Avropa Komissiyası prezidenti nəzərə almalıdır ki, bir vaxtlar Türkiyənin Avropa İttifaqına ehtiyacı var idi, lakin bu fürsət dəyərləndirilmədi. Hazırda isə vəziyyət müəyyən qədər dəyişib və Avropa İttifaqının Türkiyəyə ehtiyacı artıb. Bu səbəbdən Türkiyənin artıq üzvlük məsələsində əvvəlki qədər israrlı olmaması ehtimalı güclənir. Bu kontekstdə Aİ-nin üzləşdiyi vəziyyət onun uzun illər davam etdirdiyi yanlış siyasətin nəticəsi kimi qiymətləndirilə bilər və bu siyasətin mərkəzində yenə də Türkiyəyə qarşı qərəzli yanaşma dayanır”.
Fidan Hacızadə
Sfera.az