ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran razılığa gələnə qədər ABŞ Hörmüz boğazındakı İran limanlarını blokadada saxlayacaq. O vurğulayıb ki, İranı iqtisadi cəhətdən sarsıdan bu blokada yalnız saziş əldə olunduqdan sonra qaldırılacaq. Trampın sözlərinə görə, İran gündə 500 milyon dollar itirir və bu rəqəm ölkənin uzun müddət tab gətirə bilməyəcəyi qədər böyükdür.




Bəs mövcud vəziyyətdə İranın müqavimət imkanları nə qədərdir? 




Siyasi şərhçi Şakir Ağayev mövzu ilə bağlı Sfera.az-a açıqlamasında qeyd edib ki, Trampın təklif etdiyi planlar Tehran tərəfindən "təslim olmaq" kimi qəbul edilir:


 


"İran tərəfi isə bu şərtləri qəbul etməyəcəyini artıq bəyan edib. İki gün əvvəl SEPAH generalları bütün hərbi imkanların bərpa edildiyini və müharibəyə hazır olduqlarını bildiriblər. ABŞ tərəfi də oxşar ritorika nümayiş etdirir. Donald Trampın dünənki açıqlamasında atəşkəsin məqsədinin qüvvələri yenidən toplamaq olduğunu deməsi, hər iki tərəfin daha ciddi eskalasiyaya hazırlaşdığını göstərir.

Bu gün isə Tramp atəşkəs müddətini müəyyən qədər uzatsa da, blokada davam edir. Məlumata görə, İranın 28 gəmisinin keçidinə icazə verilməyib, lakin digər tərəfdən 26 neft gəmisinin blokadanı yardığı bildirilir. Bütün bunlar prosesin artıq bir "dözümlülük müharibəsi"nə çevrildiyindən xəbər verir".


 





Ekspertin fikrincə, İran hakimiyyəti üçün geri çəkilmək rejimin gələcəyini riskə atmaq deməkdir:


 


"Nəzərə almaq lazımdır ki, İran İslam İnqilabından bəri sanksiyalar altında yaşayır və bu sahədə müəyyən "immunitet" qazanıb. Hazırda Çin və Hindistan İran neftinin əsas alıcıları olaraq qalır və Tehran bu bazarlara ixracın davam etdiyini bildirir".




Şakir Ağayev vurğulayıb ki, bu vəziyyətdən təkcə İran deyil, qlobal iqtisadiyyat, xüsusilə də Avropa və Asiya ölkələri ciddi zərər görür:


 


"ABŞ-nin blokadanı sərtləşdirməsi dünya bazarında neftin qiymətini artırır, hətta ABŞ daxilində yanacağın bahalaşmasına səbəb olur.

Yekun olaraq, bu qarşıdurma artıq klassik müharibədən çox, dözümlülük yarışıdır. İranın dövlət sistemi cəmiyyəti müəyyən şüarlar altında uzun müddət səfərbər edə bilsə də, ABŞ-da ictimaiyyətin belə uzunmüddətli gərginliyə dözümü daha məhduddur. Hansı tərəfin qalib gələcəyini zaman göstərəcək, lakin bu qeyri-müəyyənlik uzun sürə bilməz. Gec-tez ya hərbi toqquşma yenidən başlayacaq, ya da qlobal enerji böhranı riskinə görə tərəflər ortaq məxrəcə gəlməli olacaqlar".


 


Fidan Hacızadə

Sfera.az