“İqlim, münaqişə və şəhərsalma kəsişməsi çox vacibdir” 


 


Sfera.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) 13-cü sessiyasının üçüncü günündə keçirilən “Peace-Positive Climate Action through Urban Solutions in Fragile and Conflict-Affected Settings” adlı tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev deyib. 


 


O bildirib ki, hazırkı qlobal kontekstdə şəhərsalma, mənzil təminatı və iqlim dəyişikliyi kimi mövzular xüsusilə münaqişələrdən zərər çəkmiş regionlarda bir-biri ilə sıx əlaqədə nəzərdən keçirilməlidir. Onun sözlərinə görə, bərpa prosesi yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmamalı, eyni zamanda dayanıqlılıq, təhlükəsiz yaşayış şəraiti və ləyaqətli qayıdış üçün imkanlar yaratmalıdır. 


 


Çıxışda qeyd olunub ki, iqlim, münaqişə və şəhərsalmanın kəsişməsi postmünaqişə dövrlərdə xüsusilə mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə Azərbaycan, UN-Habitat və International Organization for Migration ilə birgə, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı ilə WUF13 çərçivəsində “Smart Sustainable Settlement for Safe Return Package” təşəbbüsünü irəli sürüb. 


 


Həmçinin “Baku Climate Peace Hub” platformasının da bu təşəbbüsə dəstək verdiyi və onun həmmüəlliflərindən biri olduğu bildirilib. Təşəbbüsün məqsədi postmünaqişə bölgələrində bərpa, mənzil təminatı və dayanıqlı inkişaf üzrə inteqrasiya olunmuş yanaşmaların formalaşdırılması və beynəlxalq dialoqun gücləndirilməsidir. 


 


Qeyd edilib ki, bu mövzuların Ümumdünya Şəhərsalma Forumu çərçivəsində müzakirəsi vaxt baxımından olduqca aktualdır. Çıxışın sonunda isə tədbirin həmmüəllifləri tərəfindən açılış bəyanatlarının təqdim olunacağı bildirilib.


 


Firuzə Əliyeva

Sfera.az