“Şəhərlər yalnız böhranların deyil, həm də həllərin məkanıdır”


 


Sfera.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) İqlim Fəaliyyəti Bölməsinin direktoru Rania Sharshr deyib.


 


O bildirib ki, kövrək və münaqişədən təsirlənən ölkələrdə şəhərsalma yalnız texniki bir proses deyil, eyni zamanda sülhün qurulması və inkişafın təmin edilməsi üçün əsas vasitələrdən biridir. Onun sözlərinə görə, iqlim fəaliyyətinin sülhə töhfə verməsi üçün inklüziv, dayanıqlı və miqrasiyaya həssas şəhər həllərinin tətbiqi vacibdir.


 


Rəsmi qeyd edib ki, şəhərlər yalnız böhranların cəmləşdiyi məkanlar deyil, həm də həllərin formalaşdığı mühüm platformalardır. Bu baxımdan yerli hökumətlərin şəhər genişlənməsini düzgün idarə etməsinə dəstək göstərilməsi resurslar uğrunda rəqabətin münaqişəyə çevrilməsinin qarşısını ala bilər.


 


Onun sözlərinə görə, iqlimə dayanıqlı mənzil fondunun yaradılması, erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi və təhlükəsiz infrastrukturun inkişafı təkrarlanan iqlim şokları ilə üzləşən icmaların daha dayanıqlı və sabit olmasına xidmət edir.


 


Çıxışda vurğulanıb ki, sülhə yönəlmiş iqlim fəaliyyəti yalnız emissiyaların azaldılması və adaptasiya tədbirlərindən ibarət deyil. Bu yanaşma həm də bərabərsizliyin azaldılması, etimadın gücləndirilməsi və insan ləyaqətinə əsaslanan sabit mühitin yaradılmasını nəzərdə tutur.


 


Rəsmiyə görə, məcburi köçkünlər, miqrantlar, qaçqınlar və ev sahibi icmaların şəhər planlaşdırılması və qərarvermə proseslərinə daxil edilməsi xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, şəhərlər inklüziv və dayanıqlı olduqda, onlar yalnız sığınacaq deyil, eyni zamanda imkan, sabitlik və sülh məkanına çevrilir.


 


Firuzə Əliyeva

Sfera.az