Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.


 


Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyindən məlumat verilib.  


 


Məlumata görə, bununla bağlı razılıq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində əldə olunub. 




Qeyd edək ki, əvvəllər 2 dəfə bu barədə məlumatlar yayılsa da, sonradan fakt təsdiqini tapmayıb. Amma bu dəfə rəsmi açıqlama verilib. 




 

Bakı-Tbilisi qatarının bərpası Gürcüstan və Azəraycanda turizmin inkişafına necə təsir edəcək?




Sfera.az-a bu haqda açıqlama verən turizm eksperti Ceyhun Aşurov əvvəllər də Gürcüstandan Azərbaycana və Azərbaycandan Gürcüstana qatar ilə sərnişin daşımanın həyata keçirildiyini və bunun iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb: 




“İlk növbədə, bundan əvvəlki dövrdə də Azərbaycandan Gürcüstan istiqamətinə, eyni zamanda Gürcüstandan Azərbaycan istiqamətinə milyonlarla insanın gediş-gəlişi var idi. İstər Azərbaycan vətəndaşları turizm məqsədilə Gürcüstana səfər edirdilər, istərsə də tranzit olaraq Gürcüstan üzərindən xaricə, digər ölkələrə uçurdular. Hava nəqliyyatının orada daha ucuz olması da buna təsir edən amillərdən biri idi. Eyni zamanda Gürcüstanda yaşayan soydaşlarımız, orada olan xarici vətəndaşlar və fərqli ölkələrdən olan turistlər Azərbaycana səfərlərini məhz Gürcüstan üzərindən həyata keçirirdilər”.


 



 


Ekspertin fikrincə, Azərbaycanda quru sərhədlərin bağlı olduğu bir dövrdə alternativ nəqliyyat vasitəsi kimi Gürcüstan istiqamətində sərnişin qatarlarının fəaliyyətinin bərpası turizm axınının dinamikasına təsir göstərəcək:


 


“Düşünürəm ki, belə bir qərar həyata keçirilərsə, bu, istər-istəməz turizm dinamikasına öz təsirini göstərəcək və həm iki ölkə arasında, həm də Gürcüstan üzərindən digər ölkələrdən Azərbaycana gələn turistlərin sayına təsir edəcəkdir. Eyni zamanda Azərbaycandan ölkə xaricinə gedən turistlərin sayında da artım müşahidə oluna bilər. Çünki Gürcüstana gedən Azərbaycan vətəndaşları təkcə həmin ölkəyə səfər etmirdilər, eyni zamanda Gürcüstan üzərindən digər ölkələrə də gedirdilər. İstənilən halda, istər sərhədlərin açılması, istər dəmir yolunun bərpası, istərsə də gələcəkdə digər beynəlxalq hava limanlarımızın daha səmərəli fəaliyyət göstərməsi perspektivdə gözlənilən addımlardandır. Ölkənin turizm sənayesini canlandırmaq üçün bu kimi tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Düşünürük ki, gələcəkdə bu cür addımlar sənayenin daha da aktivləşməsi üçün genişləndiriləcək”.




Bəsti Rəfizadə

Sfera.az