“İqlim dəyişikliyi ilə urbanizasiya arasındakı əlaqəni son iki gündə gördüyümüz güclü yağışlardan sonra əlavə izah etməyə ehtiyac yoxdur”


 


Sfera.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) çərçivəsində çıxışı zamanı səsləndirib.


 


O bildirib ki, son günlər müşahidə olunan güclü yağışlar iqlim dəyişikliyinin şəhərləşmə proseslərinə təsirini daha aydın şəkildə ortaya qoyub:


 


“İqlim dəyişikliyi ilə urbanizasiya arasındakı əlaqəni son iki gündə müşahidə etdiyimiz güclü yağışlardan sonra əlavə izah etməyə ehtiyac yoxdur. Hamımız iqlim dəyişikliyinin şəhərləşməyə təsirini gördük. WUF13 təşkilatçılarını bu çağırışın uğurla idarə olunmasına görə təbrik edirəm. Forumun işi normal şəkildə davam edir və bu da göstərir ki, problemlərə baxmayaraq, dayanıqlı yanaşmalar mümkündür”.


 


İsgəndərov çıxışında həmçinin iqlim dəyişikliyi, urbanizasiya, yenidənqurma, sülh və həssaslıq məsələlərinin bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb:


 


“Bu gün iqlim dəyişikliyi, urbanizasiya, yenidənqurma, sülh və həssaslıq məsələləri bir-biri ilə sıx bağlıdır. Xüsusilə postmünaqişə ərazilərinin bərpasında iqlim riskləri, mina təhlükəsi və insanların təhlükəsiz geri dönüşü kimi çətinliklər paralel şəkildə nəzərə alınmalıdır”.

Diplomat əlavə edib ki, iqlim böhranı artıq qlobal miqyasda humanitar vəziyyətə də ciddi təsir göstərir:


 


“Dünyanın müxtəlif bölgələrində iqlim böhranı artıq qaçqın düşərgələrinə də ciddi təsir göstərir. Dünyanın ən isti 15 qaçqın düşərgəsində ildə təxminən 200 gün ekstremal hava hadisələri qeydə alınır. Proqnozlara görə, 2050-ci ilə qədər iqlim qaçqınlarının sayı 70 milyona çata bilər. Artıq iqlim səbəbindən didərgin düşən insanların sayı münaqişə qaçqınlarını üstələyir”.


 


O, bu çağırışların fonunda Azərbaycanın COP29 təşəbbüsü çərçivəsində irəli sürdüyü “Baku Hub” yanaşmasının əhəmiyyətini də xüsusi qeyd edib.




Firuzə Əliyeva

Sfera.az