“Hazırda dünyada 100 milyondan çox insan məcburi köçkün vəziyyətindədir"
Sfera.az xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Peace-Positive Climate Action through Urban Solutions in Fragile and Conflict-Affected Settings” adlı paneldə çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ölkə Ofisinin rəhbəri Anna Soave deyib.
O bildirib ki, onların böyük hissəsi qaçqın düşərgələrində deyil, şəhərlərdə yaşayır. Onun sözlərinə görə, bu isə şəhərləri humanitar və inkişaf baxımından əsas mərkəzə çevirir və urban yanaşma tələb edir.
Rəsmi qeyd edib ki, iqlim dəyişiklikləri artıq gələcək təhlükə deyil, bu günün reallığıdır və kövrək sistemlərə əlavə təzyiq göstərərək infrastrukturun bərpasını daha da çətinləşdirir. O vurğulayıb ki, dayanıqlı şəhər infrastrukturu yalnız “günəşli günlər” üçün deyil, fırtınalara davam gətirəcək şəkildə planlaşdırılmalıdır.
Çıxışda qeyd olunub ki, şəhərlər bərpa prosesinin ən görünən nəticələrinin ortaya çıxdığı məkandır: mənzilin bərpası, su və elektrik təchizatının təmin olunması, məktəblərin açılması və ictimai məkanların yenidən istifadəyə verilməsi sülhün real təzahürüdür və insanlarda gələcəyə inam yaradır.
Anna Soave şəxsi təcrübəsinə də toxunaraq, Əfqanıstan və İraq kimi münaqişə bölgələrində apardığı işlər zamanı insanların əsas istəyinin evlərinə qayıdaraq həyatlarını yenidən qurmaq olduğunu bildirib. O qeyd edib ki, fiziki bərpa prosesi insan ləyaqətinin və sosial sabitliyin bərpası üçün mühüm əhəmiyyət daşıyır.
UN-Habitat rəsmisi vurğulayıb ki, geri dönüş təkcə fiziki infrastrukturun bərpası deyil, həm də sosial bağların və icma birliyinin yenidən qurulmasıdır. Onun sözlərinə görə, sosial həmrəylik olmadan bərpa edilmiş binalar yalnız tikililər olaraq qalır, lakin evə çevrilmir.
O əlavə edib ki, “Smart Sustainable Settlements for a Return Package” təşəbbüsü iqlim dayanıqlılığı, ekoloji davamlılıq və sülhə töhfəni bir çərçivədə birləşdirməyə yönəlib və bu yanaşma beynəlxalq əməkdaşlıq üçün yeni model yaradır. Soave bildirib ki, UN-Habitat bu təşəbbüsü dəstəkləyir və onun qlobal dialoqa töhfə verəcəyinə inanır.
Sonda o qeyd edib ki, WUF13 kimi platformalar məhz bu cür yanaşmaların müzakirəsi və ortaq həll yollarının tapılması üçün mühüm imkan yaradır.
Firuzə Əliyeva
Sfera.az