Ödənişli hərbi xidmət modeli bəzi ölkələrdə müzakirə olunan alternativ sistemlərdən biridir və adətən ordunun kadr təminatı, maliyyələşmə və xidmət keyfiyyətinin artırılması məqsədilə gündəmə gətirilir. Lakin bu modelin tətbiqi hər ölkənin qanunvericiliyi, təhlükəsizlik siyasəti və sosial-iqtisadi vəziyyətindən asılıdır.
Maraqlıdır, ölkəmizdə ödənişli hərbi xidmət tətbiq edilə bilərmi? Yaxın zamanlarda belə bir dəyişiklik gözlənilirmi?
Hərbi ekspert Anar Şuşalı Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ödənişli və ya peşəkar hərbi xidmət modelinə keçidlə bağlı müzakirələr son dövrlər daha da aktuallaşıb.
Onun sözlərinə görə, xüsusilə ali təhsilli şəxslər üçün hərbi xidmət müddətinin azaldılması və alternativ xidmət modelləri ilə bağlı səslənən fikirlər cəmiyyətdə geniş maraq doğurur.
Müsahibimiz qeyd edib ki, Azərbaycan ordusunun tam peşəkar və ödənişli xidmət sisteminə keçməsi nə dərəcədə realdır sualına gəldikdə, yaxın perspektivdə tam şəkildə çağırış sisteminin ləğvi və yalnız müqaviləli ordu modelinə keçid gözlənilən deyil:
“Bunun əsas səbəblərindən biri regionda davam edən mürəkkəb təhlükəsizlik mühitidir. Ermənistanla münasibətlərin tam normallaşmaması, sərhəddə mövcud risklər və ehtiyat qüvvələrin saxlanılması zərurəti çağırış sisteminin hələ də strateji əhəmiyyət daşıdığını göstərir. Bununla yanaşı, son illərdə Azərbaycan ordusunda peşəkar heyətin rolunun artdığı da müşahidə olunur. Xüsusilə pilotsuz uçuş aparatları, elektron müharibə sistemləri, xüsusi təyinatlı bölmələr və yüksək texnologiyalı hərbi sahələr daha hazırlıqlı və uzunmüddətli xidmət edən kadrlar tələb edir. Bu isə mərhələli şəkildə müqaviləli hərbçilərin sayının artırılması ehtimalını gücləndirir”.
Ekspert hesab edir ki, yaxın illərdə Azərbaycanda tam peşəkar ordu modelindən daha çox qarışıq sistemin tətbiqi mümkündür:
“Bu modeldə həm çağırış sistemi saxlanılır, həm də peşəkar hərbi xidmət genişləndirilir. Eyni zamanda ali təhsilli şəxslər üçün fərqli xidmət mexanizmlərinin tətbiqi, xidmət müddətinin optimallaşdırılması və ehtiyat qüvvələrin gücləndirilməsi də müzakirə olunan məsələlər sırasındadır. Mövzunun aktuallaşmasının əsas səbəblərindən biri də müasir müharibə anlayışının dəyişməsidir. Artıq ordularda saydan çox peşəkarlıq, texnologiya və xüsusi hazırlıq ön plana çıxır. Bu isə gələcəkdə Azərbaycan Silahlı Qüvvələrində də peşəkar komponentin daha da güclənəcəyini göstərir. Beləliklə, yaxın perspektivdə Azərbaycanın tam şəkildə ödənişli hərbi xidmət modelinə keçidi real görünməsə də, orduda peşəkar xidmətin payının artırılması və mərhələli islahatların aparılması ehtimalı yüksək qiymətləndirilir”.
Niyaz Hacıyev
Sfera.az