ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandan nüvə silahı yaratmaq niyyətinin olmaması barədə yazılı bəyanat gözlədiyini bildirib.




“Onların düşündüyü son şey nüvə silahıdır. İndi bunu yazılı şəkildə təsdiqləməlidirlər”, - ABŞ lideri qeyd edib.




Trampın sözlərinə görə, ABŞ mayın 19-da İrana qarşı “çox böyük hücuma” hazırlaşırmış. Lakin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr Vaşinqtondan planın həyata keçirilməsini təxirə salmağı xahiş edib.


 


İranın ABŞ-nin bu təklifi ilə razılaşacağı nə dərəcə real görünür? 


 


Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqarın sözlərinə əsasən, ABŞ Prezidenti Donald Trampın açıqlaması göstərir ki, rəsmi Vaşinqton hazırda təzyiq və diplomatik mesajları paralel şəkildə istifadə edir:


 


“ABŞ tərəfi İranın nüvə silahı əldə etmək niyyətinin olmadığını yazılı formada təsdiqləməsini istəyərək həm beynəlxalq ictimaiyyət qarşısında hüquqi-siyasi zəmin formalaşdırmağa, həm də onun gələcək addımlarını məhdudlaşdırmağa çalışır. Bununla yanaşı, Trampın “böyük hücum” barədə dedikləri daha çox təzyiq elementi və danışıqlarda üstünlük qazanmaq istəyi kimi də qiymətləndirilə bilər”.


 



Siyasi şərhçi İranın bu təkliflə tam şəkildə razılaşması isə hazırkı mərhələdə tam real görünmədiyini əlavə edib:




“Çünki rəsmi Tehran uzun illərdir nüvə proqramının dinc məqsəd daşıdığını bəyan etsə də, ABŞ-yə yazılı və sərt öhdəlik verməyi daxili siyasi baxımdan zəiflik kimi qəbul edə bilər. Xüsusilə İran daxilində sərt xətt tərəfdarları Vaşinqtonun təzyiq siyasətinə geri addım atılmasına qarşı çıxırlar. Bununla belə, İran iqtisadi sanksiyaların ağır təsiri və mümkün hərbi eskalasiya riskini nəzərə alaraq müəyyən diplomatik manevrlərə gedə bilər. Yəni tərəflər arasında tam razılaşmadan daha çox, gərginliyi azaltmağa hesablanan məhdud və mərhələli kompromis ehtimalı daha real görünür. Hazırkı mənzərə onu göstərir ki, həm Vaşinqton, həm də Tehran birbaşa müharibənin nəticələrinin çox ağır olacağını anlayır. Buna görə də tərəflər sərt ritorikanı davam etdirsələr də, paralel şəkildə vasitəçilər üzərindən dialoq kanallarını açıq saxlamağa çalışırlar. Region ölkələrinin prosesə aktiv müdaxiləsi də məhz böyük eskalasiyanın qarşısını almağa yönəlmiş strateji addım kimi qiymətləndirilə bilər”.


 


Fidan Hacızadə

Sfera.az