“Bakıya son 20 ildə 180 milyard manata yaxın investisiya qoyulub”


 


Sfera.az xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ümumdünya Şəhər Forumunun üçüncü günündə çıxışı zamanı deyib.


 


O qeyd edib ki, son 20 ildə paytaxtın inkişafı istiqamətində böyük həcmdə investisiyalar həyata keçirilib.


 


“Son 20 il ərzində paytaxtımıza 180 milyard manata yaxın investisiya qoyulub”.


 


E.Əzizovun sözlərinə görə, 2003-cü ildən bu günədək Bakıda 23 milyon kvadratmetrdən çox yaşayış sahəsi istifadəyə verilib.


 


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, şəhərdə sovet dövründə tikilən və istismar müddətini başa vurmuş yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində müasir yaşayış kompleksləri və meqaparklar yaradılır.


 


O, nümunə kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Ağ Şəhər layihəsini göstərib:


 


“Demək olar ki, şəhər üçün şəhər içində yeni şəhər yaranıb”.


 


E.Əzizov həmçinin Sea Breeze layihəsinin də şəhər daxilində şəhər konsepsiyasına uyğun inkişaf etdiyini vurğulayıb.


 


O əlavə edib ki, bu gün Bakı dünyanın ən təmiz, təhlükəsiz və dinamik inkişaf edən şəhərlərindən biridir.




Firuzə Əliyeva

Sfera.az