Son dövrlərdə cəmiyyətdə övladların valideynlərinə qarşı aqressiv davranışları, psixoloji və fiziki zorakılıq halları, eləcə də ailədaxili cinayət hadisələri daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Vaxtaşırı mediada valideynə qarşı hörmətsizlik, şiddət və hətta ağır cinayətlərlə bağlı xəbərlərin yayılması cəmiyyətdə ciddi narahatlıq doğurur.


 


Bəs övladların valideynlərə qarşı aqressivləşməsinin əsas səbəbləri nədir? Cəmiyyətdə ailədaxili münasibətlərin bu həddə çatmasına hansı amillər təsir edir?


 


Sfera.az-a mövzu ilə bağlı danışan psixoloq Aytən Ələkbərova bildirib ki, cəmiyyətdə bəzi uşaqların valideynləri ilə yola getməməsi çox təəssüf ki, ağır hallarda zorakılıq və hətta cinayət hadisələrinə qədər gətirib çıxarır:


 


“Burada bir neçə psixoloji, sosioloji və bioloji amili nəzərə almaq lazımdır. Çünki bu kimi hallarda adətən tək bir səbəb olmur. Müxtəlif obyektiv və subyektiv problemlər üst-üstə düşərək belə nəticələr yaradır. Əsas səbəblərdən biri isə təbii ki, valideynlə övlad arasında ünsiyyət çatışmazlığıdır. Valideyn və uşaq arasında anlayışlı, hörmətli münasibət olmadıqda bu kimi problemlərin yaranması qaçılmaz olur. Uşaq kiçik yaşlarından özünü anlaşılmamış hiss etdikdə, duyğu və düşüncələrini rahat şəkildə ifadə edə bilmədikdə daxilində aqressiya və emosional gərginlik formalaşır. Bəzən görürük ki, böyük ailələrdə uşağın adi səs-küyünə belə nənə və ya baba aqressiv reaksiya verir. Bu cür münasibət uşağın gələcəkdə aqressiyanı başqa insanlara yönəltməsinə səbəb ola bilir. Müxtəlif yaş dövrlərində, xüsusilə yeniyetməlik mərhələsində, yəni şəxsiyyətin formalaşdığı ən həssas dövrdə təzyiq daha da artır. Daimi tənqidlər, qışqırıqlar, müqayisələr və yüksək gözləntilər uşağın psixologiyasına ciddi təsir edir. “Sən bizim nəslin başını aşağı salacaqsan” kimi ifadələr uşağın özgüvənini sarsıdır, daxilində qəzəb və dəyərsizlik hissi yaradır. Bu zaman bəzi uşaqlar aqressiv davranışlara meyl edir, digərləri isə depressiyaya düşür. Əslində, aqressiv uşağı müşahidə etmək və müdaxilə etmək bəzən daha asan olur, nəinki depressiyaya düşən uşağı. Çünki depressiya çox zaman gizli şəkildə inkişaf edir. Bir vaxtlar şən və ünsiyyətcil olan uşağın birdən-birə içinə qapanması ciddi siqnal ola bilər. Vaxtında psixoloq dəstəyi göstərilmədikdə bu hallar gələcəkdə hətta intihar riskinə qədər gətirib çıxara bilər”.


 



 


Psixoloq burada sevgi və diqqət çatışmazlığının da əsas amillərdən biri olduğunu vurğulayıb:




“Uşağa maddi imkan yaratmaq hər zaman kifayət etmir. Onlar emosional yaxınlığa, anlayışa və dəstəyə ehtiyac duyurlar. “Sən mənim övladımsan, səhvinlə-düzünlə yanındayam” mesajını hiss edən uşaq özünü daha təhlükəsiz və dəyərli hiss edir. Sevgi və dəstək görməyən uşaqlar isə tənha hiss etdikləri üçün riskli davranışlara meyl edə, ailədən uzaqlaşa və ya evdən qaça bilirlər.

Müasir dövrdə sosial media və telefon asılılığı da ciddi təsir göstərən amillərdəndir. Uşağın oyun oynadığı anda internetin kəsilməsi, telefonla danışarkən evdə yaranan gərgin mühit və ya davamlı səs-küy onun aqressiyasını artıra bilir. Bu zaman psixoloji problemlər daha açıq şəkildə özünü göstərməyə başlayır. Davranış pozuntuları, aqressiv reaksiyalar və təhlükəli davranışlar formalaşır ki, nəticədə aqressiya artıq cinayətə qədər gedib çıxa bilir. Eyni zamanda natamam ailələr, boşanmalar, davamlı mübahisələr, ailədaxili zorakılıq və etibarsız mühit də uşağın psixikasına ciddi təsir göstərir. Uzunmüddətli emosional gərginlik və nəzarətsiz aqressiya psixi sağlamlıq problemlərini daha da dərinləşdirir. Bir insanın həyatında hər şey normal görünərkən belə cinayət törətməsinin arxasında çox vaxt məhz illərlə yığılan emosional travmalar dayanır. Bütün bunların qarşısını almaq üçün valideynlər ilk növbədə övladlarını dinləməyi bacarmalıdırlar. Tənqid etmədən, təhqir etmədən uşağı anlamağa və onunla empatiya qurmağa çalışmaq lazımdır. Ailə daxilində hörmət, sevgi və məsuliyyət hissi formalaşdıqda sağlam münasibətlər yaranır. Sevgi ilə böyüyən uşaqlar gələcəkdə cəmiyyət üçün daha sağlam fərdlərə çevrilirlər. Əks halda isə davamlı tənqid, təhqir və aqressiya yeni aqressiv insanların formalaşmasına, nəticədə isə cəmiyyətdə zorakılıq və cinayət hallarının artmasına səbəb olur”.


 


Fidan Hacızadə

Sfera.az