Dünyanın bir sıra ölkələrində may ayı olmasına baxmayaraq, qar yağması və qeyri-sabit hava şəraiti müşahidə edilir. Eyni zamanda, Azərbaycanda da havaların isinməsi prosesi əvvəlki illərlə müqayisədə daha gec başlayıb. 


 


Bəs may ayında qar yağması və yaz fəslinin gecikməsi iqlim dəyişikliklərinin təsiri kimi qiymətləndirilə bilərmi?




Bununla bağlı Sfera.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli söyləyib ki, iqlim dəyişiklikləri artıq özünü açıq şəkildə göstərməkdədir:




“Əgər havanın orta aylıq və orta günlük temperaturu 1,5-2 dərəcə artıbsa, bu artıq istiləşmənin baş verdiyini göstərir. Temperatur artımı fonunda bəzi fəsillərdə yağıntıların artması və ya azalması kimi dəyişikliklərin müşahidə olunması da müəyyən mənada bununla əlaqəli ola bilər. Lakin atmosferdə baş verən proseslər də hava şəraitinə ciddi təsir göstərir. Məsələn, may ayında şimal yarımkürəsində arktik soyuq hava kütlələrinin cənuba doğru hərəkəti baş verərsə, bu hava kütlələri özü ilə yağıntı gətirə bilər. Havanın daha sərin və mülayim olduğu ərazilərdə sulu qar və qar yağması, xüsusilə dağlıq və dağətəyi zonalarda belə halların müşahidə olunması normaldır. Daha cənub ərazilərdə isə bu proses əsasən yağışlarla müşahidə edilir. Hazırda may ayının yağıntılı keçməsi o demək deyil ki, bundan sonra hər il eyni vəziyyət yaşanacaq. Bu cür hava şəraiti müəyyən dövrlərlə, məsələn, 3-5 və ya 10 ildən bir təkrarlana bilər. Buna görə də ciddi narahatlıq üçün əsas yoxdur”.


 



 


Ekoloq əlavə edib ki, bəzən səsləndirilən “fəsillər tamamilə dəyişəcək”, “yalnız yay və qış qalacaq” kimi fikirlər isə bir qədər şişirdilmiş yanaşmalardır:


 


“Dünyanın müxtəlif iqlim qurşaqlarında fəsillərin sayı və xarakteri fərqlidir. Bəzi bölgələrdə dörd deyil, iki əsas fəsil müşahidə olunur, bəzi ərazilərdə isə qış demək olar ki, yoxdur. Ekvatordan şimala və cənuba doğru hərəkət etdikcə həm iqlim, həm də fəsillərin xüsusiyyətləri dəyişir. Yer kürəsinin mövqeyi və iqlim qurşaqları nəzərə alındıqda, Azərbaycanın yerləşdiyi subtropik-mülayim iqlim qurşağında yaxın dövrdə dörd fəsilin tamamilə yox olması gözlənilmir. İnsanlar yenə də yaz, yay, payız və qışı yaşamağa davam edəcəklər. Bununla belə, böyük sənaye fəaliyyəti və atmosferə vurulan zərər nəticəsində iqlim dəyişikliklərinin zamanla daha da artması real təhlükə olaraq qalır”.


 


Fidan Hacızadə

Sfera.az