Yay mövsümünün yaxınlaşması ilə həm büdcəsinə qənaət etmək, həm də ailəsi ilə birlikdə rahat və təhlükəsiz istirahət etmək istəyən azərbaycanlı turistlər artıq səyahət planları qurmağa başlayıblar. Son dövrlərdə qlobal inflyasiya, hotellərdə qiymət artımı və aviabiletlərin bahalaşması ailəvi istirahət planlaşdıranları daha rasional seçimlər etməyə sövq edir. Xüsusilə vizasız rejim tətbiq olunan, nəqliyyat baxımından əlçatan və gündəlik xərclərin aşağı olduğu istiqamətlər 2026-cı ilin yay mövsümündə daha çox maraq doğurur.
Sfera.az 2026-cı ilin yay mövsümü üçün azbüdcəli ailələrə uyğun olan, həm region daxilində, həm də daha uzaq istiqamətlərdə yerləşən sərfəli ölkələri, onların real xərclərini və üstünlüklərini araşdırıb.
Azərbaycanlı ailələr üçün ən əlçatan istiqamətlərdən biri yenə də Gürcüstandır. Coğrafi yaxınlıq, vizasız gediş-gəliş və qatarla Bakı-Tbilisi istiqamətində marşrut xəttinin yenidən istifadəyə verilməsi, münasib gündəlik xərclər bu ölkəni yay mövsümünün favoritlərindən birinə çevirib. Tbilisin tarixi küçələri və Batuminin Qara dəniz sahili həm iqtisadi, həm də rahat istirahət imkanları təqdim edir. Gürcüstanda ailəvi qonaq evləri və 3 ulduzlu hotellərində gecələmə qiymətləri orta hesabla 25-40 dollar, yəni 40-68 AZN arasında dəyişir. Şəhər mərkəzindən bir qədər uzaqda isə daha ucuz seçimlər tapmaq mümkündür. Restoranlarda 3-4 nəfərlik ailə naharı təxminən 15-25 dollara, yəni 25-45 manat arası başa gəlir. Şəhərdaxili nəqliyyat isə olduqca ucuzdur. Yol xərcləri nəzərə alınmadan, 4 nəfərlik ailə gündəlik təxminən 60-90 dollar, yəni 100-150 AZN büdcə ilə rahat şəkildə istirahət edə bilir.
Türkiyə də ənənəvi olaraq azərbaycanlı ailələrin ən çox üz tutduğu istiqamətlərdən biridir. Antalya, Alanya və Bodrum kimi məşhur kurortlar ilk baxışda baha görünsə də, erkən rezervasiya və alternativ yerləşmə variantları sayəsində hələ də büdcəyə uyğun hesab olunur. 3 ulduzlu hotellər və ailəvi pansiyonlarda gecələmə qiymətləri 25-50 avro, yəni 49-98 AZN arasında dəyişir. “Hər şey daxil” sistemli hotellərdə isə qiymətlər gecəlik 80-150 avroya, yəni 157-295 manata qədər yüksəlir. Yerli “lokanta”larda və küçə yeməkləri ilə qidalandıqda adambaşına gündəlik yemək xərci təxminən 30 manat təşkil edir. Aviabiletlər öncədən alındıqda Türkiyədə 1 həftəlik ailəvi istirahət orta hesabla 800-1200 avroya, yəni 1577-2366 manata başa gəlir.
Son illər azərbaycanlı turistlərin diqqətini çəkən digər istiqamət isə Rusiyanın Dağıstan və Mineralnıye Vodı bölgələridir. Xəzər dənizi sahilində yerləşən Dərbənd və Mahaçqala, eləcə də Kislovodsk və Yessentuki kimi termal kurort şəhərləri həm yaxınlığı, həm də münasib qiymətləri ilə seçilir. Bu bölgələrdə ailəvi mənzillərin və ya 3 ulduzlu hotellərin günlük qiyməti 30-50 dollar, yəni 51-85 AZN arasında dəyişir. Qafqaz mətbəxinin geniş yayıldığı regionda gündəlik ailəvi qidalanma xərci isə orta hesabla 25-35 dollar, yəni 42-59 AZN təşkil edir.
Araşdırmaya daxil edilən Avropa istiqamətlərindən biri Albaniyadır. Son illərdə “Avropanın yeni Maldivləri” adlandırılan Albaniya xüsusilə Ksamil və Himara bölgələri ilə turistlərin diqqətini çəkir. Yunanıstan sahillərini xatırladan təbiəti və münasib qiymətləri bu ölkəni Avropanın ən sərfəli yay istiqamətlərindən birinə çevirib. Rivyera bölgəsində yerləşən qonaq evləri və butik hotellərdə ailəvi gecələmə qiymətləri 20-35 dollar, yəni 34-59 manat arasında dəyişir. Yerli kafelərdə ailəvi nahar isə 12-20 dollarcivarındadır (20-34 manat). Adambaşına gündəlik ümumi xərc orta hesabla 35-50 dollar (59-85 manat) təşkil edir.
Cənub-Şərqi Asiyanın ən sərfəli istiqamətlərindən biri hesab edilən Vyetnam da büdcə baxımından diqqət çəkir. Uçuş biletləri baha olsa da, ölkədaxili yaşayış və qidalanma xərclərinin çox aşağı olması ümumi büdcədə balans yaradır. Höy An və Dananq kimi çimərlik şəhərlərində hovuzlu ailə hotellərində gecələmə qiyməti cəmi 15-25 dollar (25-42 manat) təşkil edir. Küçə yeməkləri və yerli restoranlarda qidalanma isə olduqca ucuzdur. Məşhur “Pho” şorbası və digər yerli yeməklər adambaşına 1.5-3 dollar arasında dəyişir. 4 nəfərlik ailə gündəlik 40-60 dollar (68-102 manat) büdcə ilə kifayət qədər rahat şəkildə istirahət edə bilir.
Misir isə Bakıdan birbaşa çarter reyslərinin mövcudluğu və “hər şey daxil” paketləri səbəbindən ailələr üçün ən rahat variantlardan biri hesab olunur. Şarm Əl-Şeyx istiqamətində təqdim edilən paket turlara aviabilet, transfer, hotellərdə qalma və gündəlik qidalanma daxil edilir. 4 ulduzlu hotellərdə 7 gecəlik paket turlar adambaşına orta hesabla 500-650 dollardan (850-1105 manat) başlayır. 3-4 nəfərlik ailə üçün ümumi xərc isə təxminən 1800-2400 dollar (3060-4080 manat) arasında dəyişir. Tur paketləri hazır şəkildə təqdim edildiyindən turistlərin əlavə olaraq yalnız ekskursiya və şəxsi alış-veriş üçün büdcə ayırması kifayət edir.
Araşdırma göstərir ki, 2026-cı ilin yay mövsümündə az büdcə ilə istirahət planlaşdıran ailələr üçün əsas qənaət üsulu erkən rezervasiya və düzgün nəqliyyat seçimidir. Gürcüstan üçün qatar və avtobus alternativləri, Türkiyə üçün loukoster və çarter reysləri, Albaniya üçün tranzit uçuşlar ailə büdcəsinə ciddi qənaət etməyə imkan verir.
Ekspertlərin fikrincə, tam qayğısız və “hər şey daxil” istirahət istəyən ailələr üçün Misir ən sərfəli seçim olaraq qalır. Avropa atmosferini münasib büdcə ilə yaşamaq istəyənlər Albaniyaya üstünlük verir. Ekzotik və fərqli təcrübə axtaran ailələr isə Vyetnamı seçirlər. Gürcüstan və Türkiyə isə yaxın məsafə, rahat logistika və aşağı gündəlik xərclər səbəbindən ən stabil və təhlükəsiz istiqamətlər hesab olunur.
Bəsti Rəfizadə
Sfera.az