Dünyanın ən çətin tapılan və nadir pasportu hesab edilən "Malta Ordeni pasportu" yalnız rəsmi missiyalar üçün verilir. Bu pasporta sahib olmaq üçün isə olduqca "yüksək statuslu" vəzifələrdə çalışmaq tələb olunur. Əsrlərdir mövcudluğunu qoruyub saxlayan Malta Cəngavərləri Ordeni, hazırda dünyanın ən qeyri-adi və maraqlı qurumlarından biri sayılır. 


 


Bəs Malta Ordeni pasportu nədir, kimlərə verilir və harada keçərlidir?




Sfera.az xəbər verir ki, kökləri Orta Əsrlərə qədər uzanan orden, bu gün əsasən humanitar yardım fəaliyyətləri ilə məşğul olur və bir çox ölkə ilə rəsmi diplomatik münasibətlər saxlayır.




Rəsmi adı Malta Suveren Hərbi Ordeni (SMOM) olan bu sənəd, orden tərəfindən verilən xüsusi diplomatik səyahət sənədidir. Dünyanın ən nadir pasportlarından biri sayılan sənəd, yalnız orden adından həyata keçirilən rəsmi və diplomatik missiyalarda istifadə üçün nəzərdə tutulub.




Sənəd vətəndaşlıq pasportu deyil, məhz xidməti pasport xarakteri daşıyır və sahibinə hər hansı bir ölkənin vətəndaşlığını qazandırmır. Hazırda dünyada Malta Suveren Hərbi Ordeninə məxsus cəmi 500-ə yaxın diplomatik pasport dövriyyədədir.




Sözügedən sənəd yalnız Malta Ordeni daxilində yüksək səviyyəli vəzifələri icra edən şəxslərə verilir:




Böyük Magistr (Grand Master),

Üst rəhbərlik şurasının üzvləri,

Diplomatlar və diplomatik missiya rəhbərləri,

Xüsusi tapşırıqları yerinə yetirən rəsmi şəxslər.




Müəyyən edilmiş qaydalara görə, sadəcə ordenə üzv olmaq və ya cəngavər titulu daşımaq bu pasportu almaq üçün kifayət etmir.




Malta Ordeninin dünya miqyasında 100-dən çox ölkə ilə diplomatik əlaqələri var və bu pasport həmin ölkələrin böyük hissəsində rəsmi səyahət sənədi kimi tanınır. Lakin onun istifadə sahəsi ciddi şəkildə diplomatik və rəsmi xidmətlərlə məhdudlaşdırılıb. Pasport sahibləri gündəlik şəxsi səyahətləri zamanı əksər hallarda öz ölkələrinin milli pasportlarından istifadə edirlər.




Bəsti Rəfizadə

Sfera.az