Azərbaycanda son illərdə minimum əməkhaqqının və orta aylıq maaşların artırılması istiqamətində müəyyən addımlar atılsa da, əhalinin böyük bir hissəsi hələ də gündəlik yaşayış xərclərini maaşlarla tam qarşılanmadığını bildirir. Xüsusilə ərzaq, kirayə, kommunal xidmətlər, təhsil və tibbi xərclərin artması fonunda əməkhaqqının alıcılıq qabiliyyəti əvvəlki illərlə müqayisədə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Bir tərəfdən maaş artımları müşahidə olunsa da, digər tərəfdən işəgötürənlərin daha yüksək əməkhaqqı təklif etmək imkanlarının məhdud olduğu bildirilir.
Bəs görəsən, müəssisə və təşkilatların əməkdaşlara daha yüksək maaş verə bilməməsinin əsas səbəbləri nədir?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, müəssisə və təşkilatların daha yüksək maaş verə bilməməsinin əsas səbəblərindən biri məhsuldarlıq və gəlirlilik səviyyəsidir:
“Bir çox şirkətin gəliri yüksək maaş fondunu maliyyələşdirmək üçün kifayət etmir. Xüsusilə kiçik və orta biznes subyektləri yüksək vergi yükü, icarə xərcləri, logistika problemləri və bazardakı rəqabət səbəbindən böyük əməkhaqqı artımı etməkdə çətinlik çəkirlər. Şirkətlərin qazancı artmadıqca əməkhaqqının davamlı şəkildə yüksəldilməsi də mümkün olmur.
Digər mühüm amil iqtisadiyyatın strukturudur. Azərbaycanda iqtisadi aktivliyin böyük hissəsi hələ də neft sektorundan asılıdır. Qeyri-neft sektorunda isə yüksək əlavə dəyər yaradan istehsal və texnologiya sahələri kifayət qədər inkişaf etməyib. Əmək məhsuldarlığı aşağı olduqda şirkətlərin işçiyə yüksək maaş ödəməsi iqtisadi baxımdan çətinləşir. İnkişaf etmiş ölkələrdə yüksək maaşların əsas səbəbi yalnız şirkətlərin istəyi deyil, yüksək texnologiya, innovasiya və məhsuldarlıq hesabına daha çox gəlir əldə etmələridir”.
İqtisadçı maaşlara təsir edən digər vacib nüansı da qeyd edib:
“Əmək bazarında təklifin çox olması da maaşların aşağı qalmasına təsir edir. Bəzi sahələrdə işçi sayı vakansiyalardan çox olduğuna görə işəgötürənlər yüksək maaş təklif etmək məcburiyyəti hiss etmirlər. Xüsusilə aşağı və orta ixtisas tələb edən sahələrdə əmək bazarında rəqabət işçi arasında formalaşır. Bu isə maaş artımını məhdudlaşdırır.
Kölgə iqtisadiyyatı və qeyri-rəsmi məşğulluq da problemlərdən biridir. Bəzi müəssisələr əməkhaqqının bir hissəsini qeyri-rəsmi ödəyir və ya əmək müqavilələrini tam rəsmiləşdirmir. Bu vəziyyət həm sosial təminat sisteminə mənfi təsir göstərir, həm də bazarda sağlam maaş rəqabətinin formalaşmasına mane olur. Şəffaf olmayan iqtisadi mühitdə şirkətlər uzunmüddətli maaş siyasəti qurmaqda çətinlik yaşayırlar. Bundan əlavə, bir çox müəssisələr xərclərin sürətlə artdığı dövrdə ilk növbədə fəaliyyətini qorumağa çalışır. Xammal, enerji, logistika və idxal xərclərinin artması şirkətlərin maliyyə yükünü ağırlaşdırır. Belə şəraitdə işəgötürənlər əlavə maaş artımının qiymət artımına və ya maliyyə riskinə səbəb olacağından ehtiyat edirlər".
Ekspert hesab edir ki, maaşların real şəkildə yüksəlməsi üçün yalnız nominal artım kifayət deyil. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın artırılması, yüksək gəlirli sahələrin inkişafı, rəqabətli biznes mühitinin formalaşdırılması və inflyasiyanın nəzarətdə saxlanılması vacibdir. Əks halda maaş artsa belə, qiymət artımı həmin yüksəlişin təsirini zəiflədəcək və insanların real alıcılıq qabiliyyəti ciddi şəkildə dəyişməyəcək.
Bəsti Rəfizadə
Sfera.az