Qurban bayramına sayılı günlər qaldıqca bazarlarda və heyvandarlıq sektorunda canlanma müşahidə olunur. Bayram ərəfəsində qurbanlıq heyvanlara tələbatın artması isə ənənəvi olaraq ət bazarında qiymətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirir. Xüsusilə son aylarda ərzaq məhsullarında müşahidə olunan qiymət dəyişiklikləri fonunda vətəndaşlar bayram günlərində ətin bahalaşıb-bahalaşmayacağı ilə maraqlanırlar.




Bəs görəsən, Qurban bayramı ərəfəsində ət qiymətlərində artım gözlənilirmi? Bazarda qiymətlərin dəyişməsinə təsir edən əsas amillər hansılardır və bayram günlərində qiymət sabitliyini qorumaq mümkün olacaqmı?




Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) Sfera.az-a açıqlamasında bildirib ki, mövcud tendensiyalar Qurban bayramı ərəfəsində Azərbaycanda xüsusilə quzu və qoyun ətinin qiymətində artım olacağını deməyə əsas verir.


 


Ekspertin sözlərinə görə, əsas səbəb bayram öncəsi tələbin kəskin yüksəlməsidir:


 



 


“Son dövrlərdə ətin qiymətində artıq müəyyən bahalaşma müşahidə olunur. Belə ki, qiymətlərdə 50 qəpikdən 1 manata qədər artım qeydə alınıb. Bu prosesə yem və nəqliyyat xərclərinin yüksəlməsi, xırdabuynuzlu heyvanların sayının azalması, örüş sahələrinin məhdudlaşması və digər amillər təsir göstərir. Bayram ərəfəsində qiymətlərdə əlavə artım gözlənilsə də, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması bahalaşmanın sərt formada baş verməsinin qarşısını ala bilər. Hazırda bazarda quzu əti təxminən 20-22 manat, dana əti isə 17-20 manat arasında satılır. Proqnozlara görə, bayram günlərində quzu ətinin qiyməti 23-25 manata, dana ətinin qiyməti isə 18-22 manata qədər yüksələ bilər”.


 


Ekspert vurğulayıb ki, müxtəlif bayramlar ərəfəsində bazarda tələb artdığı üçün bir sıra məhsulların qiymətində yüksəliş müşahidə olunur:


 


“Novruz bayramı zamanı da ət və balıq məhsulları ilə yanaşı, quru meyvələrin qiymətində artım qeydə alınır. Yəni tələbatın artdığı məhsullar üzrə qiymət yüksəlişi bazar üçün xarakterik haldır. Bayramqabağı yaranan qiymət artımları əksər hallarda sonradan əvvəlki səviyyəyə tam qayıtmır. Bu isə xüsusilə aşağıgəlirli ailələrin sosial vəziyyətinə əlavə maliyyə yükü yaradır”.




Niyaz Hacıyev 

Sfera.az