Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda son günlər müşahidə olunan güclü yağışların iqlim dəyişikliklərinin təsirini açıq şəkildə göstərdiyini bildirib. O, Ümumdünya Şəhər Forumunda çıxışı zamanı yağış sularının idarə olunması sahəsində islahatlara ehtiyac yarandığını vurğulayıb.




Əzizovun sözlərinə görə, iqlim dəyişiklikləri artıq qlobal problemə çevrilib və bu kimi beynəlxalq platformalar çıxış yollarının tapılmasına kömək edir.




Maraqlıdır, son illər müşahidə olunan hava dəyişiklikləri və intensiv yağıntılar fonunda Bakının infrastrukturunda hansı islahatlar vacibdir?




Mövzu ilə bağlı ekoloq Cəmşid Bəxtiyar Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə görə, bu fikirləri Bakının uzun illərdən yığılıb qalan urbanizasiya problemlərinin yenidən gündəmə gətirilməsi kimi də adlandırmaq olar:


 


“Əslində bu mövzu həmişə gündəmdə olan mövzudur. Yağan güclü və intensiv yağışlar bu məsələni bir qədər qabardır. Qlobal iqlim dəyişiklikləri ilə bunu əlaqələndirmək o qədər də düz olmaz. Yağışlar hər zaman olur. İqlim dəyişikliyi nəticəsində ola bilər ki, biraz artıq yağış yağır və bu problem gözə çarpır. Amma bu, o demək deyil ki, iqlim dəyişikliyi nəticəsində 50 il bundan öncəki kimi yağışlar yağsa, bu problemlər üzə çıxmazdı. İqlim dəyişiklikləri illik düşən yağıntı miqdarına təsir edib. Amma bu problem daha əvvəldən qalma bir problemdir. Son illərdə paytaxtda müşahidə olunan qısamüddətli və intensiv yağışlar adi mövsümi hadisə deyil, bu, bir faktdır. Bu, həm iqlim dəyişikliyinin, həm də şəhərin plansız inkişafının üst-üstə düşən nəticəsidir”. 


 


Ekoloq hansı islahatlara ehtiyac olduğunu da qeyd edib:


 


“Yağış və kanalizasiya suları sistemi mütləq şəkildə bir-birindən ayrılmalıdır. Bakının bir çox ərazilərində bu problem qalır. Yağış nəticəsində yaranan su, birbaşa kanalizasiya sisteminə yönləndirilir. Hər ikisinin tələbatı nəzərə alınaraq, ölçüsü müəyyən edilməlidir. Güclü yağış zamanı eyni xətt həm məişət sularını, həm də yağış sularını daşımağa çalışır və sistem iflic olur. Dünya praktikasında belə deyil. Yağış suları drenajı deyilən bir sistem qurulur. Bakıda da yeni kollektorlara, yeraltı su tunellərinə, nasos stansiyalarına ehtiyac var. Bəzən relyef suyun lazımi istiqamətə daşınmasına imkan verməyə bilər. Ona görə də, daşınma üçün nasos həmin sistemin ayrılmaz sistemi kimi əlavə olunmalıdır”. 


 





C.Bəxtiyar hesab edir ki, başqa problem Bakıda asfaltlaşmanın həddindən artıq olmasıdır:


 


“Torpaq sahəsinin böyük hissəsi asfaltla örtülü olur. Bu, həddindən artıq olduqda, yağış sularının toplanmasının qarşısı alınır. Drenaj və kanalizasiya sistemləri bu suları çəkib apara bilməyəndə subasma halları ilə qarşılaşırıq. Dünyada “süngəc şəhər” konsepsiyası tətbiq olunur. Sukeçirici səkilər, yaşıl damlar, yağış bağçaları, park və yaşıllıqların artırılması “süngəc şəhər” modelinin komponentləridir. Bu yanaşma ilə suyun bir hissəsi torpaq tərəfindən udulur”.


 


Müsahibimizin fikrincə, tikinti siyasəti sərtləşdirilməli və “ağıllı şəhər” konsepsiyası inkişaf etdirilməlidir:




“Ekoloqlar da bunu dönə-dönə qeyd edirlər. Bu siyasət dövlət tərəfindən sərtləşdirilməlidir. Bir çox ərazilər bir zamanlar su axınlarının keçdiyi yerlər olub. Yeni tikililər, yeni massivlər tikilib şəhərin ümumi fonuna əlavə olunduqca, həmin tikililərin olduğu yerlərin əvvəllər su axınlarının keçdiyi yerlər olması, bu məsələdə mühüm bir amilə çevrilib. Həmin zonalarda intensiv tiktini aparılması suyun yolunu bağlayır. Bunun üçün də öncədən hidroloji islahatlar aparılmalıdır. Tiktini yeri olduğu qədər də yaşıllıq ərazi olmalıdır. Beləliklə su axınları olan yerlərin qarşısı alınmaz. Bəzi ərazilərdə aşağı relyefli zonalar sel riskinə daha həssasdır. Bu ərazilərdə küçə səviyyələri yenidən layihələndirilməlidir. Suötürücü xəttlər böyüdülməlidir. Erkən xəbərdarlıq və monitorinq sistemləri qurulmalıdır. “Ağıllı şəhər” konsepsiyaları artıq komfort üçün olmaqla yanaşı təhlükəsizlik üçün də lazımdır. Sensorlarla çalışan sistemlər hansı küçələrdə suyun qalxdığını real vaxtla izləyə bilir. Şəhər planlamasında iqlimədavamlı şəhər planlaması deyilən bir baxış da mütləq lazımdır. Məsələn, Bakının gələcək inkişafı artıq quraq və sabit hava modeli üzərində qurula bilməz. Çünki Xəzər hövzəsində hava kontrastları artır. Qısamüddətli leysanlar, güclü küləklər, ani temperatur dəyişmələri Bakının iqliminin xarakterinə çevrilib. Bu səbəbdən şəhərsalma siyasəti, iqlim adaptasiyası ilə birləşdirilməlidir. Problem yağışların çox yağması deyil, əsas mələsə şəhərin həmin suyu qəbul etməyə hazır olmamasıdır. Müasir urbanistika yağışı fövqəladə hadisə yox, idarə olunmalı təbii proses kimi qəbul etməlidir. Bakı da tədricən bu modelə keçməyə məcburdur. Başqa cür bu problemin həllinə nail olmaq mümkün deyil”.




Niyaz Hacıyev 

Sfera.az