İşğaldan azad olunmuş ərazilərin bərpası prosesində əsas çətinliklərdən biri mina təhlükəsi və genişmiqyaslı çirklənmədir.
Sfera.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günündə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev çıxışı zamanı deyib.
O qeyd edib ki, 30 illik işğal dövründə bu ərazilər ciddi şəkildə minalarla və partlayıcı qalıqlarla çirkləndirilib. Buna görə də tikinti və yenidənqurma işlərinin bəzi sahələrdə ləng getdiyini vurğulayan xüsusi nümayəndə, ANAMA-nın gündəlik minatəmizləmə fəaliyyətinin bu prosesdə həlledici rol oynadığını deyib.
V.Hacıyev xatırladıb ki, Prezident İlham Əliyevin 2020-ci ildən sonra imzaladığı fərman əsasında 2022–2026-cı illəri əhatə edən “Böyük Qayıdış” Dövlət Proqramı hazırlanıb. Onun sözlərinə görə, proqramın ilk mərhələsinin tamamlanmasına doğru artıq ilin sonuna qədər 80 mindən çox insanın bu ərazilərdə yaşaması gözlənilir.
Xüsusi nümayəndə bildirib ki, azad olunmuş rayonlarda aparılan yenidənqurma işləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun həyata keçirilir. O, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bu transformasiyanın əsas sütunlarından biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, yeni yaşayış məntəqələri resurslardan səmərəli istifadə, enerji effektivliyi, müasir ictimai xidmətlər və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsi prinsipləri əsasında planlaşdırılır. Məqsədin yalnız evlərin yenidən tikilməsi deyil, məcburi köçkünlərin ləyaqətli şəkildə qayıda biləcəyi təhlükəsiz, dayanıqlı və yaşana bilən icmalar formalaşdırmaq olduğunu bildirib.
Vahid Hacıyev qeyd edib ki, yaşayış məntəqələrinin planlaşdırılmasında məktəblər, səhiyyə xidmətləri, təmiz su, ictimai xidmətlər, bərpaolunan enerji və məşğulluq imkanları tam şəkildə inteqrasiya olunub.
O, Cəbrayıl, Qubadlı və Zəngilanın böyük iqtisadi potensiala malik olduğunu deyərək, bu rayonların inkişaf istiqamətləri sırasında kənd təsərrüfatı, mədənçilik, nəqliyyat-logistika, turizm, alternativ və bərpaolunan enerji sahələrini göstərib.
V.Hacıyev vurğulayıb ki, dayanıqlı məskunlaşma üçün güclü iqtisadi baza vacibdir. Bu məqsədlə azad edilmiş ərazilərdə investorlar və sahibkarlar üçün vergi və gömrük güzəştləri, eləcə də xüsusi maliyyə mexanizmləri tətbiq edilir.
O bildirib ki, Prezidentin fərmanı ilə Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonası yaradılıb və burada artıq 19-dan çox rezident fəaliyyət göstərir. Bu addımın bölgədə iqtisadi canlanma və dayanıqlı məskunlaşma üçün mühüm baza yaratdığı qeyd olunub.
Xüsusi nümayəndə əlavə edib ki, Prezident tərəfindən bu ərazilər “yaşıl zona” elan olunub. Bu çərçivədə alternativ enerji həllərinin tətbiqi genişləndirilir, yaşayış evlərinin və binaların damlarında günəş panelləri quraşdırılır.
Onun sözlərinə görə, Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi davam edir, əlavə 100 meqavatlıq layihələr də icra mərhələsindədir. Həmçinin bölgədə ümumi gücü təxminən 45 meqavat olan bir neçə su elektrik stansiyasının fəaliyyət göstərdiyini deyib.
Vahid Hacıyev çıxışında nəqliyyat və logistika məsələlərinə də toxunaraq bildirib ki, Zəngəzur dəhlizi regionun iqtisadi inkişafı və bağlantı imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində mühüm logistika mərkəzinə çevrilir. Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yolu layihələrinin, eləcə də Araz çayı üzərində Azərbaycanı İranla birləşdirəcək Ağbənd körpüsünün regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracağını qeyd edib.
Firuzə Əliyeva
Sfera.az