Azərbaycanda son illərdə əməkhaqqı səviyyəsində xeyli artım olsa da bu artımların gündəlik yaşayış xərclərini tam qarşılamadığına dair çoxsaylı fikirlərə rast gəlinir. İnflyasiya, məhsul və xidmət qiymətlərində müşahidə olunan artımın əməkhaqqındakı yüksəlişin real təsirini azaltdığını bildirirlər.
İnsanlar maaşların daha çox artırılmasını arzulayır.
Maraqlıdır, müəssisə və təşkilatların daha yüksək maaş verə bilməməsinin səbəbi nədir?
Sfera.az-a bu haqda açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qlobal inflyasiyanın vəsaitləri məhv etdiyini, qiymətlərin isə durmadan artırdığını bildirib:
“Ümumiyyətlə, bu tendensiya bütün dünyada müşahidə olunur. Mən hazırda xarici ölkədəyəm və burada da qiymətlər çox yüksəkdir. Məsələn, bəzi məhsulların qiyməti beş il əvvəlki dövrlə müqayisədə ən azı iki dəfə artıb. Bu baxımdan, Azərbaycanda da idxal olunan inflyasiya mövcuddur. Yəni biz xarici ölkələrdən malları artıq yüksəlmiş qiymətlərlə alırıq və bu, ölkəyə idxal olunan inflyasiya kimi təsir göstərir. Bununla yanaşı, daxili inflyasiya da var. Nəticədə əməkhaqqında artım olsa belə, bu, əhalinin həyat səviyyəsinə ciddi müsbət təsir göstərmir, əksinə qiymətlərin daha da yüksəlməsi müşahidə olunur”.
S.Məmmədov əməkhaqlarının daha yüksək artırılması məsələsinin işəgötürəndən asılı olmadığını vurğulayıb:
“Əmək bazarında işçi qüvvəsinin sayı çoxdur. İşəgötürənlər də bundan istifadə edərək işçiləri daha aşağı əməkhaqqı ilə işə cəlb edirlər. Çünki bilirlər ki, insanlar müəyyən səbəblərdən az maaşla da işləməyə məcbur olurlar. Lakin elə ixtisas sahələri də var ki, həmin sahələrdə işçi çatışmazlığı yaşanır və müəssisələr uyğun kadr tapmaqda çətinlik çəkirlər. Yəni yüksək əməkhaqqı təklif olunan sahələr də mövcuddur və bu vəziyyət özünü bir çox sektorlarda göstərir”.
Bəsti Rəfizadə
Sfera.az