Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir İran rəhbərliyinə Fars körfəzi bölgəsində vəziyyətin nizamlanması üzrə danışıqlarla bağlı xüsusi mesaj çatdırmaq üçün Tehrana səfər edəcək.
Mesajın detalları açıqlanmayıb.
Maraqlıdır, sözügedən mesajın məzmunu nədən ibarət ola bilər?
Sualımızı cavablandıran politoloq Rəşad Bayramov mövzu ilə bağlı Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, Pakistan ordusunun Baş Qərargah rəisi Asim Munir tərəfindən İran rəhbərliyinə çatdırılacaq mesajın detalları açıqlanmasa da, regional geosiyasi dinamika nəzərə alınanda onun bir neçə əsas istiqaməti əhatə etdiyi ehtimal olunur:
“Xüsusilə də Munirin, yəni ABŞ-İran danışıqlarında əsas vasitəçilərdən biri olan şəxsin səfəri onu deməyə əsas verir ki, tərəflər arasında diplomatik təmaslar demək olar ki, dondurulsa da, tamamilə dayanmayıb. İslamabad hələ də tərəflər arasında qeyri-rəsmi kommunikasiya kanalı olaraq fəaliyyətini davam etdirir. Ümumiyyətlə isə birbaşa danışıqların çətinləşdiyi və qarşılıqlı etimadın zəiflədiyi şəraitdə üçüncü ölkələr vasitəsilə mesaj ötürülməsi beynəlxalq siyasətdə geniş istifadə olunan praktikadır. Bu baxımdan Asim Munirin Tehrana aparacağı mesajın ABŞ-nin şərtləri ilə bağlı olma ehtimalı kifayət qədər yüksəkdir. Mesajın əsas məqsədi böyük ehtimalla Fars körfəzi ətrafında nəzarətsiz eskalasiyanın qarşısını almaqdır. Vaşinqton hazırda regionda yeni hərbi əməliyyatlarda maraqlı deyil. Çünki bu, əlavə maliyyə itkisi, regiondakı müttəfiqlərin yenidən zərbə altına düşməsi və enerji məhsullarında növbəti qiymət artımı deməkdir ki, xüsusilə də seçki ilində bunlar ABŞ-nin marağında deyil”.
Politoloqun fikrincə, Tehrana aparılan mesajın arxasında təkcə Pakistanın deyil, daha böyük geosiyasi mərkəzlərin maraqları dayanır:
“Hazırda heç nə əldə etmədən geri çəkilmək də Tramp adminstrasiyası üçün olduqca böyük nüfuz itikisidir. Ona görə də ABŞ Pakistan vasitəsilə Tehrana növbəti dəfə həm xəbərdarlığını, həm də şərtlərini çatdırmaq istəyə bilər. Digər tərəfdən, mesaj yalnız xəbərdarlıq xarakteri daşımaya da bilər. Burada müəyyən kompromis təkliflərinin olması da mümkündür. Məsələn nüvə proqramının dondurulması ilə bağlı əvvəl təklif olunan müddətin aşağı salınması, İranın Hörmüz blokadasından imtinası halında ABŞ-nin tətbiq etdiyi dəniz blokadasını yumşaltması və s.
Asim Munirin şəxsən bu missiyanı həyata keçirməsi isə mesajın təhlükəsizlik və hərbi-strateji əhəmiyyətini daha da artırır. Bu, indiki mərhələdə regionda mümkün böhranın qarşısını almağa hesablanmış yüksək səviyyəli koordinasiya cəhdi təsiri bağışlayır. Pakistan burada yalnız vasitəçi deyil, həm də regionda sabitliyin qorunmasında maraqlı aktor kimi çıxış edir. Çünki İran ətrafında genişmiqyaslı qarşıdurma Pakistanın sərhəd təhlükəsizliyinə, iqtisadi maraqlarına və daxili sabitliyinə birbaşa təsir göstərə bilər. Bütün bunlar göstərir ki, Tehrana aparılan mesajın arxasında təkcə Pakistanın deyil, daha böyük geosiyasi mərkəzlərin maraqları dayanır. Bu mərkəz isə təkcə ABŞ deyil, həm də Pakistanla kifayət qədər yaxşı münasibətlərdə olan və Körfəzdəki vəziyyətdən ən çox ziyan görən Çindir”.
Niyaz Hacıyev
Sfera.az