Son illərdə sürətli çəki atmaq üçün müxtəlif pəhriz proqramlarına maraq artsa da, mütəxəssislər dietadan sonrakı mərhələnin də ən az pəhrizin özü qədər vacib olduğunu bildirirlər.


 


Çünki bir çox hallarda insanlar sərt qida rejimindən sonra qəfil şəkildə əvvəlki qidalanma vərdişlərinə qayıdır və bu da həm itirilən çəkinin geri dönməsinə, həm də sağlamlıq problemlərinə səbəb olur.


 


Bəs görəsən, diyetadan sonra normal qidalanma rejiminə keçid necə aparılmalıdır ki, həm verilən çəki geri qayıtmasın, həm də orqanizmdə sağlamlıq problemləri yaranmasın?


 


Mövzu ilə bağlı diyetoloq Ləman Süleymanova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, piylənmə müxtəlif səbəblərdən yaranır və “yalançı” pəhrizlərlə müalicə olunmur:


 



 


“Hormonal fonun pozulması, genetik meyillilik, eləcə də düzgün olmayan həyat tərzi və hərəkətsizlik bu problemin əsas səbəbləri sırasındadır. Artıq çəki isə təkcə estetik məsələ deyil, həm də insan sağlamlığına ciddi təsir edən uzunmüddətli bir problemdir. Bəzi insanlar illər ərzində yavaş-yavaş çəki toplayır, lakin daha sonra çox qısa müddətdə bu çəkidən xilas olmaq istəyirlər. Bu zaman sürətli nəticə vəd edən, elmi əsası olmayan müxtəlif preparatlara, “möcüzəvi” çay və kofelərə, hətta zərərli kokteyllərə müraciət edirlər. İnternetdə özünü dietoloq kimi təqdim edən şəxslərə inanaraq müxtəlif marafonlara qoşulurlar və hər kəsə eyni pəhrizin tətbiq olunduğu proqramlardan istifadə edirlər”.


 


Diyetoloqun fikrincə, bu cür yanaşmalar sağlam və davamlı nəticə vermir:


 


“Belə üsullarla arıqlama çox vaxt qısamüddətli olur, orqanizmdə yalnız su və əzələ itkisi baş verir, yağ toxuması isə tam şəkildə azalmır. Pəhriz bitdikdən sonra insan yenidən əvvəlki qidalanma rejiminə qayıtdıqda çəki sürətlə geri qayıdır və bəzən əvvəlkindən də çox olur. Bu proses həm maddələr mübadiləsini zəiflədir, həm də immun sisteminə mənfi təsir göstərir. Ona görə də arıqlama prosesi balanslı və sağlam qidalanma ilə, müxtəlif qida qruplarını istisna etmədən həyata keçirilməlidir. Daha sonra isə əldə olunan nəticəni qorumaq üçün normal həyat tərzinə tədricən keçmək və davamlı sağlam qidalanma vərdişlərini saxlamaq vacibdir”.


 


Niyaz Hacıyev


Sfera.az