Məcburi köçkünlərin reinteqrasiyası və bərpa-quruculuq proseslərində məlumat əsaslı planlaşdırma vacibdir.


 


Sfera.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.


 


O bildirib ki, aparılan tədqiqatlarda əsas çətinliklərdən biri etibarlı və dolğun məlumatların əldə olunmasıdır:


 


"Xüsusilə Qarabağ və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri fonunda məcburi köçkünlərin sosial-iqtisadi göstəricilərinə dair dəqiq data xüsusi əhəmiyyət daşıyır".


 


İsmayılzadənin sözlərinə görə, yeni şəhər və kəndlərin inşa edildiyi bu mərhələdə əsas prioritetlərdən biri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bunun üçün onların iqtisadi bacarıqları, məşğulluq imkanları, təhsil səviyyəsi, ailə strukturu və sosial ehtiyacları barədə məlumatların toplanması mühüm rol oynayır.


 


O qeyd edib ki, hazırda Azərbaycan hökuməti təxminən 8 min keçmiş məcburi köçkünü artıq azad edilmiş ərazilərə köçürüb və onlar yeni yaradılan yaşayış məntəqələrində yaşayır, təhsil alır və işləyirlər.


 


Çıxışda vurğulanıb ki, yeni icmaların formalaşdırılması zamanı əsas problemlərdən biri də insanların bacarıqları ilə bölgədə yaradılan iş imkanları arasında uyğunluğun təmin edilməsidir. Bu, həm sosial inteqrasiya, həm də şəhər və kənd planlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.


 


ADA Universiteti tərəfindən həyata keçirilən tədqiqat layihələrinə də toxunan İsmayılzadə bildirib ki, universitet hər il məcburi köçkünlər arasında sorğular apararaq onların ehtiyaclarını, gəlirlərini, bacarıqlarını və qayıdışla bağlı gözləntilərini öyrənir.


 


F.İsmayılzadənin sözlərinə görə, bu model həm dövlətin bərpa və məskunlaşma siyasətinə elmi əsas verir, həm də universitetlərin dövlət siyasətində daha aktiv iştirakının effektivliyini nümayiş etdirir.


 


Firuzə Əliyeva


Sfera.az