İran hökuməti Azərbaycan-İran dövlət sərhədindən avtomobil idxalı imkanlarının genişləndirilməsi barədə qərar qəbul edib.




Yeni qərara əsasən, Ərdəbil azad iqtisadi zonasında yerləşən Biləsuvar (İran) gömrük məntəqəsi idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün səlahiyyətli keçid məntəqələrindən biri statusunu alıb. Bununla da Azərbaycan-İran sərhədindən avtomobil idxalı üçün yeni marşrut istifadəyə verilib.


 


Bəs bu qərar İran və Azərbaycana hansı faydası olacaq? 


 


Sfera.az-a bu haqda açıqlama verən iqtisadçı Asif İbrahimov İran hökumətinin Azərbaycan-İran dövlət sərhədi üzərindən avtomobil idxalı imkanlarının genişləndirməsi regionda avtomobil ticarəti və logistika baxımından mühüm dəyişikliyin hesab oluna biləcəyini söyləyib.


 


İqtisadçının sözlərinə görə, yeni qərara əsasən, Ərdəbil Azad İqtisadi Zonasında yerləşən Biləsuvar gömrük məntəqəsinə avtomobil rəsmiləşdirilməsi üçün səlahiyyətli keçid məntəqəsi statusunun verilməsi Azərbaycan bazarı üçün yeni idxal marşrutunun açılması deməkdir: 




“Bu qərardan ən çox Çin avtomobilləri faydalanacaq. Bildiyiniz kimi, son illərdə Azərbaycan bazarında Çin markalarının sürətli artımı müşahidə olunur. Həm münasib qiymət, həm də zəngin və keyfiyyətli komplektasiya baxımından bu avtomobillər digər seqmentlərlə müqayisədə daha rəqabətli görünür. Bu da istehlakçıların Çin markalarına marağını və satış həcmini artırır. Çin avtomobillərinə tələbatın artdığı bir dövrdə yeni logistika marşrutunun açılması həmin avtomobillərin Azərbaycana daha çevik və daha aşağı xərclə gətirilməsinə şərait yarada bilər. Eyni zamanda bu qərar İran üçün tranzit və gömrük gəlirlərinin artması, Azərbaycan üçün isə bazarda rəqabətin genişlənməsi baxımından əhəmiyyətli addım hesab oluna bilər”.


 



A.İbrahimov qeyd edib ki, hazırda Çin avtomobillərinin Azərbaycana əsasən iki marşrutla gətirildiyini görürük: 


 


“Birinci marşrut Çin limanlarından Gürcüstanın Poti limanına, oradan isə Azərbaycana daşınma idi. Digər variant isə Rusiya üzərindən həyata keçirilən, daha uzun, daha riskli və daha bahalı logistika xətti hesab olunurdu. Həm məsafənin uzunluğu, həm də daşınma xərclərinin yüksək olması bu marşrutu daha çətin edirdi. Yeni alternativ marşrut isə çatdırılma müddətini azalda bilər. Məsələn, avtomobillərin Azərbaycana 20-35 gün ərzində çatdırılması mümkün ola bilər. Bununla yanaşı, logistika xərclərinin azalması da gözlənilir. Bu isə son nəticədə avtomobillərin maya dəyərinə təsir göstərəcək. Ümumilikdə, yeni marşrutun istifadəyə verilməsi regionda Şimal-Cənub ticarət əlaqələrinin güclənməsi və alternativ logistika dəhlizlərinin inkişafı baxımından diqqətçəkən addım kimi qiymətləndirilə bilər. Çünki hər bir məhsul və xidmətin yekun qiyməti onun formalaşmasına təsir edən xərclərlə birbaşa bağlıdır. Logistika və daşınma xərcləri aşağı düşdükcə, avtomobillərin son satış qiymətində də müəyyən ucuzlaşma müşahidə oluna bilər”.


 


Fidan Hacızadə

Sfera.az