İnsanlar kədərli, stressli, qəzəbli, hətta xoşbəxt olduqda ağlayırlar. Maraqlıdır ki, emosional səbəblərdən göz yaşı tökən yeganə canlı bizik.
Alimlər göz yaşlarının funksiyalarını başa düşsələr də, insanların niyə ağladığı və emosional göz yaşlarının məqsədi hələ tam izah olunmayıb.
Sfera.az xəbər verir ki, İsveçrədəki İnsan Biologiyası İnstitutunun tədqiqatçısı dr. Marie Bannier-Helaouet bildirib ki, göz yaşları beş komponentdən ibarətdir: selik, elektrolitlər, su, zülallar və lipidlər. Zülallar antibakterial və antiviral təsir göstərir, elektrolitlər isə bədən funksiyaları üçün vacib minerallardır. Üç növ göz yaşı mövcuddur: bazal göz yaşları gözün səthini daim nəmləndirir, refleks göz yaşları toz, həşərat və ya digər qıcıqlandırıcı maddələr gözə düşdükdə yaranır. Emosional göz yaşları isə mürəkkəb emosiyalara cavab olaraq ifraz olunur və beyin tərəfindən idarə edilir. Hollandiyadakı Tilburq Universitetinin professoru Ad Vingerhoets bildirib ki, ağlama çox vaxt tək bir duyğudan deyil, emosiyaların qarışığından yaranır.
Uşaqlarda fiziki ağrı, böyüklərdə isə empatiya və sosial əlaqələr ağlamaya səbəb olur. Ağlama bəzən rahatlıq gətirsə də depressiya və ya tükənmişlik vəziyyətində bu təsir həmişə hiss olunmur. Tədqiqatlar göstərir ki, göz yaşı başqalarına köməyə ehtiyac olduğunu bildirən bir siqnal rolunu oynayır. İsraildə aparılan bir tədqiqatda məlum olub ki, qadınların emosional göz yaşlarını görən kişilər daha az aqressiv davranırlar.
Bu, insanların bir-birinə dəstək olmasına və əməkdaşlıq etməsinə kömək edə bilər. ABŞ psixoloqu Lauren Bylsma bildirib ki, kişilər ayda 0-1 dəfə, qadınlar isə 4-5 dəfə ağlayır. Bu həm öyrənilmiş davranışlarla, həm də hormonlar, şəxsiyyət xüsusiyyətləri və empatiya səviyyəsi ilə bağlıdır. Daha emosional, narahat və ekstrovert insanlar ağlamağa daha meyllidirlər.
Vingerhoets qeyd edib ki, ağlama güclü emosiyaları ifadə edən bir nida işarəsi rolunu oynayır və insana belə bir mesaj verir:
“Görünür, bu, həqiqətən vacib bir şeydir”.
Mənsumə
Sfera.az