Azərbaycan əhalisi keyfiyyətsiz məhsulların reklamından əziyyət çəkir. Bu cür məhsulların reklamına aldanan istehlakçı həmin məhsulu alır, sonra məhsulun keyfiyyətsiz olduğunu anlayır və bundan əziyyət çəkir.  




Buna görə də bir çox istehlakçı keyfiyyətsiz məhsulların reklamının ya qadağan edilməsini istəyir.




Bəs keyfiyyətsiz məhsulların reklamı qadağan oluna bilərmi?


 


Sfera.az-a bu barədə açıqlama verən "Viva" kommunikasiya agentliyinin rəhbəri, PR və marketinq eksperti Vüqar Baba keyfiyyət anlayışının əksər hallarda nisbi xarakter daşıdığını deyib: 


 





“Çünki burada əsas sual ortaya çıxır. Hansı kriteriyaya görə keyfiyyətli və ya hansı məhsulla müqayisədə keyfiyyətli? Müxtəlif məhsul kateqoriyalarının fərqli standartları, istifadə məqsədləri və qiymət seqmentləri var. Tutaq ki, bütün məhsullar üçün onların xüsusiyyətlərinə uyğun vahid keyfiyyət etalonları müəyyənləşdirilsin və qida, geyim, məişət əşyaları, elektronika və digər məhsullar yalnız yüksək standartlarla istehsal olunsun. Bu halda həmin məhsulların qiyməti də ciddi şəkildə artacaq. Nəticədə isə cəmiyyətin hər təbəqəsi bu məhsulları almaq imkanına sahib olmayacaq. Bir çox insan yüksək keyfiyyətli məhsulları ala bilmədiyi üçün daha əlçatan alternativlərə yönələcək. Bu da göstərir ki, bazarda müxtəlif keyfiyyət və qiymət seqmentlərinin mövcudluğu təbii və qaçılmazdır. Hər keyfiyyətdə məhsulun öz alıcısı var. Məhz buna görə də reklam və ya qanunvericilik səviyyəsində “keyfiyyət” anlayışına sərt və ümumi norma qoymaq həm çətin, həm də bir çox hallarda məqsədəuyğun deyil”. 


 


Ekspert əlavə edib ki, qanunların əsas məqsədi məhsulun keyfiyyətini subyektiv şəkildə qiymətləndirmək yox, istehlakçının aldadılmasının qarşısını almaq olmalıdır:




“Əgər reklamda məhsulun mənşəyi, tərkibi, ölçüsü, funksiyası və digər xüsusiyyətləri barədə yalan məlumat verilmirsə, həmin reklamın yayımlanması normal hesab edilməlidir. Mövcud reklam qanunvericiliyində də əsas prinsip məhz budur. İstehlakçını çaşdıran və ya bilərəkdən yalan məlumat yayan hallar isə qanunla cəzalandırılmalı və hətta cəzalandırılır”.


 


Fidan Hacızadə

Sfera.az