ABŞ-İran gərginliyi hələ də tam həllini tapmayıb. Trampın sərt bəyanat və hədələrinə baxmayaraq, yeni genişmiqyaslı hücumların baş verməməsi artıq müxtəlif müzakirələrə səbəb olub. Bir sıra ekspertlər hesab edir ki, ABŞ yeni hərbi əməliyyatlara başlamaqdan çəkinir və regionda daha böyük qarşıdurmanın yaranmasından ehtiyat edir.
Bu fikir nə dərəcədə reallığı əks etdirir? Əgər ABŞ həqiqətən hərbi müdaxilədən yayınırsa, Vaşinqtonun əsas narahatlıqları və çəkindiyi məqamlar nələrdir?
Bu barədə Sfera.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, ABŞ-nin yenidən müharibə ilə bağlı tərəddüdləri var:
“Lakin paralel olaraq ABŞ-nin zəifləməsi ilə bağlı fikirlərin yer alması doğru deyil. Bütün bunların da bir çox səbəbi var. İran məsələsində ABŞ-nin əsas problemi hərbi güc çatışmazlığı deyil. Problem, müharibənin siyasi qiymətinin və nəticələrinin getdikcə idarəolunmaz hala gəlməsidir. ABŞ İranla tammiqyaslı müharibənin çox baha başa gələcəyini bilir. Çünki İran İraq, Əfqanıstan və Liviyadan çox fərqli rəqibdir. Böyük əraziyə malik İran, həmçinin ciddi raket arsenalına sahib ölkədir. Regional proksi qüvvələri nəzarətdə saxlayır və ən əsası, Hörmüz boğazında təsir imkanlarına malikdir. Bütün bunlar o deməkdir ki, əgər müharibə yenidən başlasa, qarşıdurma təkcə İran ərazisində davam etməyəcək. ABŞ bazaları, İsrail, Körfəz ölkələri və enerji infrastrukturları da hədəfdə olacaq. Bu baxımdan ABŞ-nin ən çox ehtiyat etdiyi məsələ müharibənin nəzarətdən çıxmasıdır. Bu ehtimalı da yox saymaq olmaz”.
Ç.Şahbazi həmçinin İranı tam şəkildə məğlub etməyin asan görünmədiyi kimi, müharibənin ona yeni fürsətlər açmasının da istisna olmadığını qeyd edib:
“Bu isə dünya, xüsusilə də region ölkələri üçün təhlükəsizlik baxımından arzuolunmaz hesab olunur. Çünki İranın uzunmüddətli perspektivdə müqavimət göstərmək imkanları var. Doğrudur, ABŞ sürətli zərbələr endirə bilər, amma sonrakı mərhələyə nəzarət etmək onun üçün çətinləşər. Bu baxımdan ABŞ-nin İrana qarşı yürütdüyü indiki siyasət, kəşfiyyat əməliyyatları, sanksiyalar, kiberhücumlar, İsrail vasitəsilə təzyiq və regional koalisiyalar kimi strateji üsullardan istifadə etməklə təzyiq mexanizmlərini davam etdirməkdir. Hesab edirəm ki, birbaşa böyük müharibə əvəzinə, idarə olunan təzyiq və çəkindirmə siyasəti daha da gücləndirilə bilər. Əlbəttə ki, ABŞ-nin sərgilədiyi mövqe İran tərəfinə də müəyyən mənada sərf edir. Bu baxımdan tərəflər bir-birinə qarşı sərt ritorika və hədə-qorxu siyasəti aparsalar da, hər iki ölkə regional müharibənin nəticələrindən çəkinir və ehtiyat edir. Çünki belə bir qarşıdurmanın onların sonu ilə nəticələnə biləcəyini anlayırlar”.
Fidan Hacızadə
Sfera.az