İran-ABŞ və İsrail arasında gərginliyin artması və hərbi toqquşmalar regionda həm siyasi, həm də iqtisadi qeyri-müəyyənliyi daha da dərinləşdirir.
Belə bir münaqişənin uzanması və ya genişlənməsi isə artıq mövcud olan iqtisadi problemləri böhran səviyyəsinə çatdıra bilər və bunun təsirləri qonşu ölkələr üçün də aktual müzakirə mövzusuna çevrilir.
Bəs görəsən, İran-ABŞ və İsrail arasında müharibə nəticəsində yaranacaq iqtisadi böhran yaxın gələcəkdə Azərbaycana təsir edə bilərmi?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İranda davam edən iqtisadi böhran müəyyən səviyyədə Azərbaycana da təsir göstərə bilər:
“Çünki iki ölkə arasında həm coğrafi yaxınlıq, həm ticarət əlaqələri, həm də regional iqtisadi münasibətlər mövcuddur. İranda iqtisadi vəziyyətin pisləşməsi ilk növbədə sərhədyanı ticarətə və yük daşımalarına təsir edə bilər. Bu isə bəzi məhsulların qiymətində dəyişikliklər yarada bilər. Digər tərəfdən, İran rialının dəyər itirməsi və ölkədə alıcılıq qabiliyyətinin zəifləməsi Azərbaycanla ticarət dövriyyəsini azalda bilər. Xüsusilə sərhəd bölgələrində fəaliyyət göstərən kiçik sahibkarlar və ticarətlə məşğul olan insanlar bunu daha çox hiss edə bilərlər. Turizm və tranzit daşımalarında da müəyyən zəifləmə ehtimalı var”.
Müsahibimiz qeyd edib ki, regionda iqtisadi qeyri-sabitlik investorların və biznes mühitinin davranışına da təsir edir:
“Əgər böhran daha da dərinləşərsə, bu, regional layihələrə və logistika marşrutlarına müəyyən risklər yarada bilər. Ancaq Azərbaycanın iqtisadi sistemi birbaşa İran iqtisadiyyatından tam asılı olmadığı üçün təsirin məhdud qalacağı düşünülür. Eyni zamanda, bəzi hallarda İran bazarında yaranan çətinliklər Azərbaycanda müəyyən məhsullara tələbatın artmasına və alternativ ticarət imkanlarının formalaşmasına da səbəb ola bilər. Yəni təsirlər həm mənfi, həm də bəzi sahələr üçün nisbi iqtisadi imkanlar şəklində ortaya çıxa bilər”.
Niyaz Hacıyev
Sfera.az