Bəzən yeni tanış olduğunuz biri ilə sanki illərdir bir-birinizi tanıyırmış kimi hiss edirsiniz. Hətta qarşınızdakı insanın demək istədiyini o cümləni tamamlamadan əvvəl anlayırsınız. Elm dünyası bu maraqlı fenomeni “sinirsel eşləşmə” və ya “neyronal sinxronizasiya” adlandırır.


 


Sfera.az xəbər verir ki, araşdırmalara görə, insanlar qarşılıqlı ünsiyyət zamanı yalnız emosional deyil, nevroloji səviyyədə də bir-biri ilə uyğunlaşır.


 


Yəni iki insan söhbət edərkən onların beyin fəaliyyəti müəyyən mənada eyni ritmdə işləməyə başlayır. Alimlər bildirirlər ki, bu proses zamanı beyin dalğaları oxşar fəaliyyət nümunələri nümayiş etdirir və tərəflər arasında görünməz bir uyğunluq yaranır.


 


Mütəxəssislərin fikrincə, neyronal sinxronizasiya yalnız yaxın münasibətlərdə deyil, gündəlik həyatın bir çox sahəsində müşahidə olunur. Peşəkar şahmat oyunlarında, musiqi qruplarının improvizasiya çıxışlarında, hətta körpə ilə yetkin insan arasındakı oyun zamanı belə beyinlərin bir-birinə uyğunlaşdığı qeyd edilir.


 


Xüsusilə təhsil sahəsində aparılan tədqiqatlar diqqət çəkir. Müəllim və şagird arasında beyin dalğalarının uyğunlaşdığı hallarda şagirdlərin məlumatı daha sürətli mənimsədiyi və öyrəndiklərini daha uzun müddət yadda saxladığı müəyyən edilib. Bu isə öyrənmənin yalnız intellektual deyil, həm də sosial və nevroloji əlaqələrlə bağlı olduğunu göstərir.


 


Alimlər hesab edir ki, insan beyni sosial əlaqə qurmağa proqramlaşdırılıb. Axıcı bir söhbət, güclü empatiya hissi və ya ani yaxınlıq hissi zamanı beyin qarşı tərəfin davranışlarını və növbəti reaksiyalarını əvvəlcədən təxmin etməyə çalışır. Beləliklə, insanlar arasında bioloji səviyyədə bir “tərəfdaşlıq” formalaşır.


 


Fidan Hacızadə

Sfera.az