Trampın sahibi olduğu "Trump Organization" şirkətinin buraxmağa hazırlaşdığı smartfon ciddi təhlükəsizlik boşluğu ilə gündəmə gəlib. İlkin sifariş üçün müraciət edən təxminən 27 min istifadəçinin şəxsi məlumatları sızdırılıb.




Sfera.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən "Trump Mobile" rəsmiləri ön sifariş formunu dolduran şəxslərin adları, soyadları, ünvanları və telefon nömrələrinin kiberbirliklərin hədəfinə çevrildiyini təsdiqləyib.


 


Şirkət hazırda problemin müstəqil kibertəhlükəsizlik ekspertləri ilə birgə araşdırıldığını bəyan edib.




Açıqlamada həmçinin vurğulanıb ki, bank və kredit kartı kimi kritik maliyyə məlumatları sızıntıdan zərər görməyib. Bununla belə, şirkət müştərilərinə ciddi xəbərdarlıq edib:




“Sifarişlərlə bağlı gələn şübhəli e-poçt, zəng və ya SMS-lərə qarşı son dərəcə diqqətli olun. Şirkətimiz heç bir müştəridən telefon və ya e-poçt vasitəsilə parol, ödəniş məlumatı və ya digər həssas məlumatları tələb etmir”.


 


Sistemdəki bu nəhəng boşluğu avstraliyalı bir proqramçının aşkar etdiyi və şirkəti dərhal məlumatlandırdığı bildirilir. Məlum olub ki, "Trump Mobile"ın rəsmi saytı olduqca bəsit və yayğın bir e-ticarət modelindən istifadə edib. Sitedəki kodlaşdırma xətalarına görə, hətta alış-verişi tamamlamayan, sadəcə form dolduran şəxslərin belə məlumatları bazada qeyd olunaraq müdafiəsiz qalıb.


 


Qızılı rəngli və üzərində "Trump" imzası olan bu smartfonların normalda 2025-ci ilin sonuna qədər bazara çıxarılması planlaşdırılırdı. Lakin şirkət layihəni ABŞ hökumətindəki büdcə böhranı (hökumətin bağlanması) bəhanəsi ilə təxirə salmışdı.




Digər tərəfdən, telefonun "tamamilə ABŞ istehsalı" olacağı iddia edilsə də, texnologiya ekspertləri fərqli düşünür. Analitiklər Android əməliyyat sistemi ilə işləyəcək bu cihazın əslində Çində istehsal edildiyini irəli sürürlər.




Hazırda telefon üçün 100 dollar depozit ödəyən yüzlərlə şəxs bir ildir gözləsə də, hələ də cihazları təhvil ala bilməyiblər. Ekspertlərin rəyinə görə, bu son skandaldan sonra "Trump Mobile" layihəsinin tamamilə tarixə gömülmə ehtimalı olduqca yüksəkdir.


 




Bəsti Rəfizadə

Sfera.az