ABŞ Prezidenti Donald Tramp bir neçə Yaxın Şərq ölkəsi və Pakistanın liderləri ilə telefon danışığında onları Vaşinqton və Tehran arasında sülh sazişi əldə olunacağı təqdirdə İsraillə münasibətlərin normallaşdırılmasına dair "İbrahim sazişləri"nə qoşulmağa çağırıb.
ABŞ Prezidenti Donald Trampın “İbrahim sazişləri”nə qoşulmağa çağırması bölgədə yeni diplomatik mərhələnin başlanğıcı sayıla bilərmi, yoxsa bu addım İranla mümkün razılaşmadan sonra İsrailin regional təsirini artırmağa hesablanmış strateji planın tərkib hissəsidir?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Cavanşir Abbaslı söyləyib ki, İsrail Amerikanın “arxa baxçası” sayılır və bu siyasi yanaşma gələcəkdə də dəyişməyəcək:
“ABŞ-nin xarici siyasətində İsrail sadəcə ön sıralarda deyil, birbaşa əsas prioritetlərdən biridir. Buna görə də belə çağırışların edilməsi və bu kimi ehtimalların ortaya çıxması tamamilə normal və gözlənilən haldır. Gələcəkdə də ABŞ-nin İsraillə bağlı siyasətinin dəyişməyəcəyi reallıq kimi görünür. İsrail son İran qarşıdurması zamanı da göstərdi ki, ABŞ-nin regiondakı əsas güc alətlərindən biridir. Donald Trampın xarici siyasətində də İsrail hər zaman xüsusi yer tutub. Bu həm onun əvvəlki prezidentlik dövründə, həm də ikinci dəfə hakimiyyətə qayıdışından sonra açıq şəkildə müşahidə olunur. Hətta gələcəkdə Trampın daha uzunmüddətli siyasi təsir imkanları əldə etməsi halında belə, İsrailin ABŞ xarici siyasətində əsas söz sahiblərindən biri olaraq qalacağı ehtimal edilir”.
Politoloq əlavə edib ki, bəzi ölkələrin “İbrahim sazişləri”nə qoşulması ehtimalı olduqca aşağı görünür:
“Məsələn, Pakistanı götürsək, bu ölkənin Türkiyə ilə çox yaxın münasibətləri var. Bu baxımdan Pakistanın həmin sazişə qoşulması Ankara ilə münasibətlərdə ciddi çatlara səbəb ola bilər. Pakistan isə xarici siyasətində Türkiyə ilə əlaqələrin pozulmasını istəməz. Buna görə də onun “İbrahim sazişləri”nə qoşulması real görünmür. Eyni vəziyyət bəzi Yaxın Şərq ölkələrinə də aiddir. Həmin ölkələr arasında elələri var ki, məhz Türkiyə faktorunu nəzərə alaraq bu sazişə qoşulmaqdan çəkinə bilərlər. Əslində isə yeni diplomatik mərhələnin başlanğıcı artıq verilib. Buna görə də hansısa ölkənin bu sazişə qoşulub-qoşulmamasından asılı olmayaraq, regionda yeni siyasi və diplomatik proseslərin başladığını demək mümkündür. İranla mümkün razılaşmadan sonra İsrailin regiondakı təsir gücünün artacağı barədə fikirlər isə o qədər də real görünmür. Çünki İranın siyasi dairələri buna imkan verməyə bilər. Ümumilikdə proseslərin hazırkı gedişi İsrailin xeyrinə inkişaf edir görüntüsü yaratmır. Bu səbəbdən də yaxın perspektivdə İsrailin regional təsir dairəsinin daha da genişlənəcəyi ehtimalı yüksək qiymətləndirilmir”.
Qeyd edək ki, “İbrahim sazişləri” ABŞ vasitəçiliyi ilə 2020-ci ildə imzalanmış diplomatik normallaşma razılaşmalarıdır və bu sazişlər çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş və Sudan İsrail ilə diplomatik münasibətləri normallaşdırmağa başlayıb.
Fidan Hacızadə
Sfera.az