Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biridir. Kökləri İbrahim peyğəmbərin dövrünə gedib çıxan bu ibadət təkcə dini baxımdan deyil, həm də humanizmin, fədakarlığın və paylaşma mədəniyyətinin ən uca rəmzidir.


 


Lakin İslam coğrafiyası genişləndikcə, bu bayram müxtəlif xalqların yerli adətləri, iqlimi və təbiəti ilə sintez olunaraq fərqli çalarlar qazanıb.


 


Sfera.az dünyanın müxtəlif nöqtələrində Qurban bayramının necə qeyd olunduğunu, qurbanlıq seçimlərindəki coğrafi fərqləri və təəccüblü regional ənənələri araşdırıb.


 



 


İslam inanclarına görə, Qurban ibadətinin tarixi İbrahim peyğəmbər və onun oğlu İsmayıl ilə bağlıdır. Müqəddəs mətnlərə əsasən, İbrahim peyğəmbər yuxusunda oğlu İsmayılı Allaha qurban verdiyini görür. Bu, bir ata üçün yer üzünün ən ağır imtahanı idi. Lakin həm İbrahim peyğəmbər Allahın əmrinə sonsuz tabeçilik göstərir, həm də oğlu İsmayıl bu qərara böyük bir təslimiyyətlə razı olur. Tam qurbanetmə anında Allah İbrahim peyğəmbərin sədaqətini və səmimiyyətini qəbul edir. Göydən Cəbrayıl mələk vasitəsilə bir qoç endirilir və İsmayılın əvəzinə həmin heyvanın qurban edilməsi buyurulur. Bu hadisə insanın Allaha olan sevgisinin və fədakarlığının simvoludur. Məhz bu səbəbdən hər il Hicri-qəməri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən etibarən müsəlmanlar bu günü Qurban bayramı kimi qeyd edirlər.


 



 


İslam qaydalarına görə qurbanlıq heyvanlar müəyyən kateqoriyalara bölünür: qoyun, keçi, inək, camış və dəvə. Maraqlıdır ki, hansı regionda hansı heyvanın kəsilməsi tamamilə həmin ərazinin coğrafiyasına, iqliminə və heyvandarlıq mədəniyyətinə bağlıdır. Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələrində qoyun, qoç, keçi, iribuynuzlu heyvanlar, yəni inək, dana qurban olaraq kəsilir. Bu regionlarda xırdabuynuzlu heyvan ətinə üstünlük verilir. Türkiyədə böyük şəhərlərdə bir neçə ailə birləşərək bir inəyi böyükbaş ortaq qurban kəsir. Səudiyyə Ərəbistanı və Körfəz Ölkələrində isə daha çox qoyun və dəvə kəsilir. Həcc ziyarəti zamanı milyonlarla qoyun qurban kəsilir. Eyni zamanda, ərəb mədəniyyətində dəvə qurban etmək həm zənginlik, həm də coğrafi uyğunluq göstəricisidir. Pakistan, Hindistan, Banqladeş kimi ölkələrdə isə inək, camış və dəvə qurban edilir.Bu ölkələrdə əhalinin sıxlığı və yoxsulluq səviyyəsi nəzərə alınaraq, daha çox ət verən iribuynuzlu heyvanlara (camış və inək) üstünlük verilir.


 


 


Pakistanda bəzəkli dəvələrin qurban edilməsi məşhurdur. Şimali və Şərqi Afrika ölkələrində isə (Misir, Sudan, Somali) dəvə, keçi, inək qurban edilir. Misirdə inək və camış, Sudan və Somalidə isə dəvə saxlanılması geniş yayıldığı üçün qurbanlıq olaraq da bu heyvanlar seçilir. Qurban bayramı müxtəlif mədəniyyətlərdə fərqli rituallarla da müşayiət olunur.


 



 


Məsələn, Pakistan və Hindistanda qurbanlıq dəvələr və iribuynuzlu mallar bayramdan günlər öncə xına ilə bəzədilir. Onların boyunlarına rəngli muncuqlardan bəzək əşyaları asılır və fəxrlə küçələrdə gəzdirilir. Mərakeş və Tunisdə isə qurbanlıq qoyunların buynuzlarına xına yaxmaq və kəsilərkən susuz olmasın deyə bayram səhəri bol su vermək geniş yayılmış bir adətidir.


 


Dünyanın ən çox müsəlman əhalisi olan ölkəsi İndoneziyada, xüsusilə Yava adasında qurbanlıq heyvanla kəsimdən əvvəl xüsusi vidalaşma ritualı keçirilir. Heyvana ən yaxşı yemlər verilir, gözlərinə sürmə çəkilir və ona xüsusi hörmət göstərilir. Bəzən yerli sakinlər heyvana elə bağlanırlar ki, kəsim anında gözyaşı tökənlər də olur. Mərakeşdə is bayramın ikinci günü qəribə bir karnaval başlayır. Gənclər kəsilən qurbanların dərilərini və buynuzlarını geyinərək "Bouljoud" (Dəri adam) personajına çevrilirlər. Onlar küçələrdə rəqs edir, insanlara toxunaraq onlara uğur və bərəkət gətirdiklərinə inanırlar. Bu, İslamdan öncəki Şimali Afrika (Bərbər) mədəniyyəti ilə İslam adətlərinin maraqlı bir sintezidir.


 



 


Hər il Həcc ziyarəti zamanı Məkkədə eyni gündə 1 milyondan çox heyvan qurban kəsilir. Keçmiş illərdə bu qədər yüksək miqdarda ətin idarə olunması və paylanması ciddi logistik problem yaradırdı. Bu gün isə Səudiyyə Ərəbistanı dünyanın en müasir, tam avtomatlaşdırılmış qurbanlıq komplekslərindən birini qurub. Burada kəsilən qurbanların ətləri dərhal şok donduruculara qoyulur və xüsusi təyyarələr ilə Afrikanın, Asiyanın ən yoxsul ölkələrinə humanitar yardım kimi göndərilir. Beləcə, ibadətin əsl məqsədi olan "ehtiyac sahiblərinə yardım" qlobal səviyyədə reallaşır.


 


İslam qaydalarına görə, qurbanlıq heyvanın heç bir hissəsi, o cümlədən dərisi də israf oluna bilməz. Dərini satıb pulunu şəxsi mənfəət üçün götürmək haram sayılır. O, ya xeyriyyə cəmiyyətlərinə bağışlanmalı, ya da evdə namazlıq, yaxud xalça kimi istifadə edilməlidir.


 


Bəs Azərbaycanda necə qeyd olunur?


 



 


Azərbaycanda Qurban bayramı dərin milli-mənəvi dəyərlərlə qeyd olunur. Əsrlərdən bəri gələn ənənəyə sadiq qalaraq, kəsilən qurbanın əti mütləq 3 hissəyə bölünür:


 


1. Bir hissəsi imkansız və ehtiyacı olan ailələrə paylanır.


 


2. Bir hissəsi qohum-qonşuya, əzizlərə verilir.


 


3. Qalan son hissə isə ailə süfrəsi üçün saxlanılır. Bayram günü Azərbaycanda hər evdə qurban ətindən qovurma və digər zəngin milli xörəklər bişirilir, ailələr bir araya gəlir.


 


Bu bayram həm də küsülülərin barışması, insanlar arasında rəhmət və şəfqət hisslərinin pik həddə çatması ilə cəmiyyətin mənəvi sütununu gücləndirir.


 


Bəsti Rəfizadə


Sfera.az