Son dövrlər qiymətli metalların dəyərində, xüsusilə də qızılın qiymətində müəyyən enmə tendensiyası müşahidə olunur. İnvestorların diqqətlə izlədiyi bu dəyişikliklər qlobal proseslərin təsiri ilə formalaşır. Adətən “təhlükəsiz liman” kimi qəbul edilən qızıl belə dövrlərdə bazardakı ümumi risk iştahından birbaşa təsirlənir və bahalaşır. Amma bu dəfə əks proses müşahidə edilir. 




Bəs maraqlıdır, qızıl niyə ucuzlaşır? Yaxın aylarda hansı dəyişikliklər gözlənilir?




Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, vəziyyət çox maraqlıdır.


 


Onun sözlərinə görə, qızıl və gümüş 2025-ci ilin sonundan 2026-cı ilin yanvar ayına qədər tarixi rekorlar qırıb:


 


”Qızıl yanvar 2026-da 5.602 dollara, gümüş isə 121 dollara çataraq tarix boyu ən yüksək səviyyələrə yüksəldi. Lakin bundan sonra kəskin enişlər başladı. Eniş səbəblərinə gəlincə, onlar bir neçə amilin üst-üstə düşməsindən qaynaqlanır. Qiymətlər bir ayda 20–30% qalxdıqdan sonra bazarda məntiqi bir düzəliş baş verdi. İnvestorlar mənfəət götürdü. ABŞ dollarının güclənməsi də qiymətlərə aşağı təzyiq göstərdi, çünki qızıl dollar ilə qiymətləndirilir. Dollar güclənəndə qızılın qiyməti mexaniki olaraq düşür. Bundan başqa, Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə Kevin Uorşun namizədliyi faiz endirimləri gözləntilərini kəskin azaltdı və bu da qızıl-gümüşə mənfi təsir etdi. Fevralın 28-də başlayan İsrail-ABŞ və İran arasındakı münaqişə Hörmüz boğazını faktiki olaraq bağladı, neft qiymətlərini 100 dollardan yuxarıya çıxardı və inflyasiyanı artırdı. Bu isə yenə faiz endirimləri ehtimalını uzaqlaşdırdı”.


 



Müsahibimiz qeyd edib ki 2026-cı ilin aprelində ABŞ-də inflyasiya 3,8%-ə çatdı və bu, 2023-cü ilin may ayından bəri ən yüksək göstəricidir. Ekspert deyib ki, bu məlumatlar qiymətli metallar bazarına da təsir etdi:


 




“Bu məlumat bazarları sarsıtdı, çünki il ərzində heç bir faiz endirimi gözlənilmir. Yaxın aylara gəldikdə isə iyun ayındakı FED iclasının nəticəsi (iyun 16–17) əsas dönüş nöqtəsi hesab olunur. Əgər FED sentyabr endirimi siqnalı versə, gümüşün yenidən güclü bir yüksəliş dalğasına girib-girməməsini müəyyən edəcək. UBS qızılın il sonuna qədər 5.600 dollara, J.P. Morqan isə 6.300 dollara çata biləcəyini proqnozlaşdırır. Hər ikisi hazırkı düzəlişi uzunmüddətli yüksəliş trendinin içindəki müvəqqəti dayanacaq kimi dəyərləndirir. Mərkəzi bankların qızıl almağa davam etməsi, dolların zəif perspektivi və ABŞ büdcə kəsirlərinin artması kimi struktur amillər dəyişməyib. Bu da uzunmüddətli perspektivi hələ də “bullish” (qiymət artımı) olaraq saxlayır”.


 


Niyaz Hacıyev 

Sfera.az