ABŞ dövlət katibi Marko Rubio Tehranla diplomatik əlaqələrin istənilən nəticəni verməyəcəyi halda, ABŞ-nin İrana qarşı başqa variantlara əl atacağını deyib.
ABŞ dövlət katibi Hindistana səfəri zamanı qeyd edib ki, "Prezident Donald Tramp pis bir razılaşma bağlamağa tələsmir. Alternativ variantları araşdırmazdan əvvəl diplomatiyaya tam şans verəcəyik".
Rubio Vaşinqton administrasiyasının İranla bağlı növbəti addımlarına toxunaraq vurğulayıb: "Ya yaxşı bir razılaşmamız olacaq, ya da fərqli bir yanaşma tətbiq etməliyik”. Dövlət katibi tərəflərin hələ də mümkün razılaşmalar üzərində işlədiklərini qeyd edib.
Maraqlıdır, dövlət katibinin “başqa varinatlara əl atacıyıq” deməsi yeni sanskiyaların tətbiq olunacağından xəbər verir?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Bəkir Həsənbəyli Marko Rubionun İranla bağlı siyasətinin və açıqlamalarının hazırkı gərgin diplomatik prosesin əsasını təşkil etdiyini və onun mövqeyinin bir neçə əsas istiqamətdən ibarət olduğunu bildirib:
“ABŞ ilə İran arasında intensiv danışıqlar artıq final mərhələyə çatır. Razılaşma qüvvəyə mindikdən 30-60 gün sonra İranın nüvə proqramı ilə bağlı danışıqların başlanması da planlaşdırılıb. Lakin Tehranın yüksək zənginləşdirilmiş uranı təhvil verməyə razı olacağı şübhəli məqamlardandır. Hazırkı mərhələdə nüvə proqramının razılaşmanın bir hissəsi olması ilə bağlı məlumatlarda yoxdur. Tərəflər qarşılıqlı sərt açıqlamalar verir. Rubio da son günlərdə ABŞ və İran arasında dolayı yollarla aparılan danışıqlarda Pakistanın vasitəçiliyi ilə müəyyən irəliləyişlərin əldə olunduğunu təsdiqləyib. O, tərəflərin uranın zənginləşdirilməsi və utilizasiyası məsələlərini həll etməli olduğunu vurğulayıb.
Həm də Rubio bildirib ki, nüvə proqramı ilə bağlı ətraflı danışıqların başlanması üçün əvvəlcə Hörmüz boğazı açılmalıdır. Bu plan ABŞ-yə nəinki rüsumlar alınmadan boğazların tam açılmasına nail olmağa, həm də İranın nüvə silahı yaratmaq sahəsindəki əvvəlki ambisiyalarının əsasında dayanan bir sıra əsas amilləri aradan qaldırmağa imkan verəcək. ABŞ tərəfi məhz belə bir nəticəni təmin edəcək konsepsiyanın işlənib hazırlanmasında irəliləyişə nail olmaq istəyir. Təbii ki, bunun üçün İran tərəfindən tam razılıq, daha sonra isə əldə olunmuş razılaşmalara onun tərəfindən ciddi şəkildə riayət edilməsi tələb olunacaq. Digər detalların razılaşdırılması üzrə gələcək işlər tələb olunacaq”.
Ekspert İranı yeni və daha sərt sanksiyaların gözlədiyini də açıqlayıb:
“Əgər ABŞ-İran danışıqları baş tutmazsa və ya mövcud atəşkəs razılaşması pozularsa, İranı ABŞ və müttəfiqləri tərəfindən həyata keçiriləcək daha sərt dəniz blokadası, sanksiyaların misli görünməmiş səviyyədə gücləndirilməsi və Hörmüz boğazında hərbi qarşıdurmanın yenidən alovlanması kimi ağır nəticələr gözləyir. Danışıqların uğursuzluğu ölkəyə valyuta daxilolmalarının kəsilməsi və ixracın tamamilə dayanması deməkdir. Bu, neft gəlirlərindən asılı olan ölkədə valyuta devalvasiyasını və hiperinflyasiyanı sürətləndirəcək, qida məhsulları ilə bağlı ciddi qıtlıq yaradacaq. Əgər diplomatik yol tükənərsə, Birləşmiş Ştatlar və koalisiya qüvvələri İrana qarşı daha dağıdıcı hərbi əməliyyatlara əl atacaq. Bu isə İranın qalan mühüm neft və sənaye infrastrukturunu tamamilə sıradan çıxması deməkdir.
Sanksiyaların sərtləşdirilməsi ilə nəticələnən təzyiq siyasəti davam edərsə, beynəlxalq icma İranın uranın zənginləşdirilməsi səviyyəsini sürətlə artırmasına və nüvə silahı əldə etmək üçün son addımı atmasına mane ola bilməyəcək. İllərdir davam edən sanksiyalar, bahalaşma, iş yerlərinin kütləvi ixtisarı və uzunmüddətli internet məhdudiyyətləri əhalinin artan narazılığını və sosial gərginliyi pik həddə çatdıracaq. İqtisadi vəziyyətin daha da pisləşməsi ölkə daxilində kütləvi etirazlara təkan verəcək. ABŞ-nin əsas tələblərindən biri də, İranın nüvə silahını hazırlamaq fikrindən birdəfəlik imtinasıdır. İran tərəfi isə cavab açıqlamasında yüksək zənginləşdirilmiş uranı verməyəcəyini, nüvə obyektlərini sökməyəcəyini və Hörmüz boğazına nəzarətdən imtina etməyəcəyini vurğulayır. Göründüyü kimi tərəflər iddialarından imtina etməyi düşnümürlər. Belə olduğu halda artıq qeyd etdiyim sanksiyalar işə düşəcək”.
Bəsti Rəfizadə
Sfera.az