Hizbullah lideri Naim Qasım İranın ABŞ ilə qarşıdurmadan sonra yüksək beynəlxalq nüfuza malik regional gücə çevriləcəyini bildirib.
O, hazırlanmaqda olan ABŞ-İran sazişinin regionda, o cümlədən Livanda hərbi əməliyyatların dayanmasına gətirib çıxaracağına ümid etdiyini deyib.
ABŞ-İran sazişi Livanda hərbi əməliyyatların dayanmasına səbəb ola bilərmi? Naimin bu məsələdə ümidli olması üçün əsaslar nədir?
Sfera.az-a bu barədə danışan politoloq Elçin Xalidbəyli İranın irəli sürdüyü şərtlər arasında Livana qarşı hərbi əməliyyatların dayandırılması tələbinin İsrail trəfindən qəbul edilmədiyini bildirib:
“Hələlik bu məsələ İsrail tərəfindən qəbul edilmir. ABŞ də Livan mövzusunun ümumi anlaşmaya daxil edilməməsinə çalışır. Bu səbəbdən, hazırda həmin məsələ ilə bağlı yekun qərarın necə olacağı qeyri-müəyyən olaraq qalır. Bununla belə, ümumi mənzərədə Livan məsələsinin çərçivə sazişinə daxil edilməsi də istisna edilmir. Çünki ABŞ ilə İran arasında anlaşma əldə olunacağı təqdirdə, Ağ Evdən veriləcək mümkün təlimatlar İsrailin hərbi əməliyyatları dayandırmasına təsir göstərə bilər. İsrailin regional hərbi addımlarının böyük ölçüdə Ağ Evin siyasi mövqeyi ilə uzlaşdığı nəzərə alınarsa, bu məsələnin də ABŞ qərarlarından asılı olduğu görünür. Hələlik isə proses qeyri-müəyyən xarakter daşıyır”.
E.Xalidbəyli ümumilikdə ABŞ və İran arasında əsas ziddiyyətin nüvə proqramı ətrafında cəmləndiyini xatırladıb:
"İran bu proqramdan imtina etmək niyyətində deyil. ABŞ isə həm nüvə proqramının ləğvini, həm də İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılaraq Vaşinqtona təhvil verilməsini tələb edir. Bildirilir ki, çərçivə sazişində hələ də razılaşdırılmayan əsas məsələ məhz budur. Bununla yanaşı, tərəflər arasında anlaşma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Belə ki, ABŞ Senatı Tramp administrasiyasına Yaxın Şərqdə müharibənin davam etdirilməsini qadağan edən qətnaməni səkkizinci cəhddən sonra qəbul edib.
Bu addım Vaşinqtonun, xüsusilə də Tramp administrasiyasının hazırkı mərhələdə hərbi variantdan daha çox diplomatik danışıqlara üstünlük verməyə məcbur olduğunu göstərir. Rəsmi Tehran da bu həssas məqamı nəzərə alaraq mövqeyini daha da sərtləşdirir. Bu isə çərçivə sazişinin razılaşdırılması prosesini müəyyən qədər uzadır. Buna baxmayaraq, məzmununun təxminən 95 faizinin artıq razılaşdırıldığı iddia edilən ABŞ-İran çərçivə sazişinin yaxın vaxtlarda imzalana biləcəyi ehtimalı kifayət qədər yüksək olaraq qalır”.
Fidan Hacızadə
Sfera.az