Siyasət səhnəsi hər zaman soyuq rəsmiyyət, gərgin diplomatik protokollar və ciddi müqavilələrlə xatırlanır. Lakin bəyanatların və gərgin danışıqların pərdəarxasında bəzən elə anlar yaşanır ki, bütün diqqət bir anda liderlərin bədən dilinə, səmimi baxışlarına və romantik jestlərinə yönəlir.
İstər müasir dövrün gündəmini zəbt edən dövlət rəhbərləri, istərsə də tarixin axarını dəyişən imperatorlar zaman-zaman yalnız bir-birləri ilə, yəni liderin digər liderə olan səmimi və diplomatik əlaqələrdən uzaq yaxınlığı ilə müzakirə obyekti olublar.
Sfera.az bu qəbildən olan bəzi liderlərin romantik dünyasını araşdırıb.
Müasir dünya siyasətinə nəzər saldıqda, bu mövzuda ən son və ən çox danışılan nümunə şübhəsiz ki, İtaliyanın Baş naziri Corcia Meloni ilə Albaniyanın hökumət başçısı Edi Rama arasındakı qeyri-adi səmimiyyətdir.
İkilinin beynəlxalq sammitlərdəki qucaqlaşmaları, Ramanın Meloniyə qarşı göstərdiyi həddindən artıq yaxın və qoruyucu bədən dili, hətta bir görüşdə onun saçını sığallaması medianın manşetlərindən düşməyib. Bu yaxınlıq o həddə çatıb ki, Meloni Albaniyadakı tətili zamanı Ramanın şəxsi dəvəti ilə onun villasında qonaq olub və bu vəziyyət hər iki ölkə mətbuatında uzun müddət "diplomatik flört" kimi şərh edilib.
Xarizma və səmimi bədən dili dedikdə isə iki ölkə rəhbərinin, yəni ABŞ-nin keçmiş prezidenti Barak Obamanın 2012-ci ildə Tailandın o zamankı Baş naziri Yinqlak Çinavat ilə keçirdiyi rəsmi görüşü və şam yeməyini xatırlamamaq olmaz.
İkilinin protokol qaydalarını unudaraq bir-birinin gözünün içinə baxıb səmimi şəkildə zarafatlaşması, bədən dillərindəki açıq rəğbət günlərlə dünya mətbuatının əsas mövzusu olub, hətta birinci xanım Mişel Obamanın bu baxışlardan narahatlığı barədə yumoristik xəbərlər də tirajlanıb.
Liderlər arasında ən qəribə və birtərəfli "sevgi, pərəstiş" hekayəsi isə Liviya rəhbəri Müəmmər Qəddafiyə məxsusdur. Onun ABŞ-nin o zamankı Dövlət Katibi, faktiki olaraq Amerikanın xarici siyasət lideri Kondoliza Raysa olan heyranlığı dillər əzbəri idi.
Belə ki, Qəddafi rəsmi müsahibələrində Raysı "mənim sevimli qara afrikalı qadınım" adlandırırdı. 2008-ci ildə Rays Liviyaya gələndə Qəddafi onun şərəfinə rəsmi protokoldan kənar xüsusi şam yeməyi təşkil edib və ona almaz üzük, həmçinin içində Raysın şəkilləri və ona yazılmış sevgi mahnısı olan lüks bir albom hədiyyə edib. Sonradan Qəddafinin sarayı ələ keçiriləndə, onun şəxsi otağından tamamilə Kondoliza Raysın fotolarından ibarət gizli bir albom tapılıb.
Rusiya Prezidenti Vladimr Putinin də bu cür sevgi hekayəsi mövcuddur. Putinin ən çox səs-küy salan "diplomatik centlmenliyi" 2014-cü ildə Pekində keçirilən APEC sammitində yaşanıb.
Şam yeməyi zamanı Putin Çin Prezidenti Si Cinpinin xanımı Pən Liyuanın yanında əyləşib. Si Cinpin bir anlıq diqqətini ABŞ Prezidenti Barak Obamaya tərəf yönəldəndə, Putin hava soyuq olduğu üçün qəfildən ayağa qalxıb və Çinin birinci xanımının çiyinlərinə səmimi bir jestlə qalın bir palto örtüb. Pən Liyuan gülümsəyərək təşəkkür edib, lakin bir neçə saniyə sonra şalı köməkçisinə verib. Çin mədəniyyətində və protokolunda yad bir kişinin qadına bu qədər yaxınlaşıb toxunması qəbulolunmaz sayılır. Bu an rəsmi dövlət televiziyasında canlı yayımlandığı üçün Çin mətbuatı və sosial mediası dərhal hərəkətə keçib. Çin senzurası dərhal bu görüntüləri internetdən silib, lakin dünya mediası bu hadisəni "Putinin diplomatik flörtü" kimi manşetlərə daşıyıb.
Fransa Prezidenti Emmanuel Makronun da adı daim mediada sevgi macəraları ilə hallanıb. 2018-ci ildə Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatının final oyunu idman hadisəsi olmaqdan çıxıb, iki dövlət başçısının səmimi görüntüləri ilə yaddan qalan romantik bir arenaya çevrilib.
Belə ki, Xorvatiyanın o zamankı xarizmatik qadın prezidenti Kolinda Qrabar-Kitaroviç və Fransa Prezidenti Emmanuel Makron VİP lojada yan-yana əyləşiblər. Yağan güclü yağışın altında hər iki prezident tamamilə islanaraq protokol qaydalarını bir kənara atıblar. Qalib gələn Makronun Xorvatiya prezidentini dəfələrlə səmimi şəkildə qucaqlaması, Kolindanın Makronun əlindən tutaraq ona təsəlli verməsi və ikilinin bir-birinə olan heyranlıq dolu baxışları günlərlə dünya mətbuatının manşetlərini bəzəyib. Bir çox media orqanı bu anları "idman bəhanəsi ilə diplomatik romantika" kimi qələmə verib.
Digər tərəfdən, İtaliyanın mərhum və qalmaqallı Baş naziri Silvio Berluskoni də Almaniyanın qadın rəhbəri, kansler Angela Merkelə etdiyi qeyri-adi jestlərlə yadda qalıb.
2008-ci ildə İtaliyanın Triest şəhərində keçirilən rəsmi sammitdə Merkel meydanda gəzişərək Silvio Berluskonini axtarırdı. Berluskoni isə Merkelin gəldiyini görüb böyük bir dirəyin arxasında gizlənib. Merkel düz onun yanından keçəndə Berluskoni qəfildən dirəyin arxasından çıxıb və onun üstünə atılıb. Daha sonra başqa bir rəsmi görüşdə gecikməsini bağışlatmaq üçün alman həmkarına qızılgül bəxşiş etməsi, iki böyük Avropa lideri arasında yaşanan və siyasətin unudulmaz rəngarəng anlarına çevrilən hadisələrdəndir.
Tarixə nəzər salsaq, keçmiş vaxtlardakı liderlərin bir-birinə olan sevgi və heyranlıq macəralarının sadəcə kameralara tuş gələn kiçik jestlərlə bitmədiyini, bütöv dövlətlərin taleyini və sərhədlərini formalaşdırdığını görürük. Bu sahədə tarixin ən böyük və dramatik siyasi-romantik ittifaqı Misir Kraliçası VII Kleopatra ilə Romanın güclü rəhbəri və generalı Mark Antoni arasında yaşanıb. Eyni zamanda dövlət başçıları olan bu ikilinin münasibətində Kleopatranın zəkasına və cazibəsinə əsir olan Antoni, ona olan sevgisinin sübutu olaraq Romanın fəth etdiyi Finikiya, Suriya və Kipr kimi nəhəng torpaqları Misir kraliçasına hədiyyə edib. Liderin digər liderə etdiyi bu misilsiz jest Romada dövlətə xəyanət kimi qiymətləndirilərək böyük bir müharibəyə yol açıb. Britaniya İmperiyasının ən parlaq dövrünə imza atan Kraliça Viktoriya və Şahzadə Albertin hekayəsi isə həm rəsmi dövlət rəhbərləri, həm də siyasətdə həqiqi və sarsılmaz sevginin simvoludur.
Dövlət qaydalarına və monarxiya statusuna görə Albertə evlilik təklifini özü etmək məcburiyyətində qalan qadın lider Viktoriya, həyat və siyasi tərəfdaşının gənc yaşda vəfatından sonra ömrünün qalan 40 ilini yas içində, yalnız qara paltarlar geyinərək keçirdi və bu sadiqlik tarixin ən böyük romantik jesti kimi qeyd olunub. Yaxın tarixə gəldikdə isə, Argentina Prezidenti Juan Peronun ölkənin de-fakto digər lideri olan xanımı Evitaya (Eva Peron) olan sevgisi və heyranlığı sayəsində ona dövlət idarəçiliyində verdiyi geniş səlahiyyətlər, iki liderin çiyin-çiyinə xalqı idarə etməsi bütöv bir ölkənin taleyini dəyişib. Peron hər zaman xanımının siyasi gücünü dəstəkləyən və onu ucaldan jestləri ilə yadda qaldı. İstər antik dövrün bir-birinə torpaqlar hədiyyə edən hökmdarları olsun, istərsə də müasir dövrün sammitlərdə bir-birinə gülümsəyən baş nazirləri, siyasətin ən sərt zirvələrində belə liderlər arasındakı insani hisslər, heyranlıqlar və kiçik flörtlər bəzən ən kəskin diplomatik buzları əritməyin və ittifaqlar qurmağın ən təsirli "yumşaq güc"ünə çevrilir.
Bəsti Rəfizadə
Sfera.az