Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampla keçirdiyi son danışıqlar zamanı Yaponiyanın Baş naziri Sanae Takaicini ölkənin yenidən silahlanmasına görə sərt tənqid edib.
Bildirilir ki, Çin lideri müzakirə zamanı səsini kəskin şəkildə yüksəldib. ABŞ rəsmiləri isə bu vəziyyətdən təəccübləniblər, çünki həmin mövzu sammitdən əvvəl keçirilən görüşlərdə gündəmə gətirilməmişdi.
Çin liderinin görüş zamanı sərt reaksiyası nədən qaynaqlanır? Bu məsələdə Trampın rolu nədir?
Siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İsrail hazırda dünyada beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara məhəl qoymadan, orta əsr ənənələrini xatırladan işğal və istila siyasətini davam etdirirlər:
“Dünyada artıq bu tarixi yanaşmanın yenidən qayıtdığı müşahidə olunur. Məhz bu kontekstdə Çin də Tayvanı nəzarətə götürməyi planlaşdırır. Lakin Yaponiyanın sürətlə silahlanması Pekini ciddi şəkildə narahat edir. Çinin sərt reaksiyasının əsas səbəblərindən biri isə Yaponiya rəhbərliyinin, xüsusilə Sanae Takaicinin, Çinin Tayvana mümkün hərbi müdaxiləsi halında Yaponiyanın da hərbi müdaxilə edə biləcəyi ilə bağlı xəbərdarlıq xarakterli bəyanatlarıdır. Gərgin keçən sammitdən cəmi bir neçə saat sonra isə ABŞ Prezidenti Donald Trampın Yaponiya Baş naziri ilə telefon danışığı apararaq ABŞ-Yaponiya ittifaqının gücünü vurğulaması Pekində əlavə narazılıq yaradıb. Proseslər göstərir ki, ABŞ dünyada qarşıdurmaları daha da dərinləşdirən siyasətini davam etdirir və müxtəlif dövlətləri bir-birinə qarşı qoymağa çalışır”.
T.İrfanın sözlərinə görə, demək olar ki, Çin lideri Si Cinpinin Yaponiyaya qarşı sərt reaksiyasının və hiddətinin arxasında da müəyyən mənada Donald Trampın siyasəti dayanır:
“Trampın Çin tərəfinin sərt tənqidlərinə cavab olaraq Yaponiya baş nazirini müdafiə etməsi və Takaicinin Çinin irəli sürdüyü ittihamlara layiq bir lider olmadığını bildirməsi artıq ABŞ-nin açıq şəkildə tərəf seçdiyini göstərir. Bütün dünyada bu cür təlatümlər yaradaraq qlobal düzəni yenidən formalaşdırmağa çalışan ABŞ-nin siyasi və ideoloji institutlarının qarşıdakı dövrdə daha mürəkkəb və təhlükəli proseslərə yol aça biləcəyi ehtimal olunur. Qarşıdakı illərdə dünyanı yeni pandemiyalar və yeni müharibələrin gözlədiyi ilə bağlı narahatlıqlar da artır”.
Fidan Hacızadə
Sfera.az