Rusiyada yaşayan Həmidullah İlçibayev qeyri-adi bir ev tikib. O, bir dənə də kərpic işlətmədən minlərlə şüşə butulkadan istifadə edib. Üstəlik, bu fikir sadəcə vizual üstünlük deyil. Evin arxasında ailə və emosional bir hekayə də var.
Sfera.az bildirir ki, 12000 şüşə butulkadan yaranan tikili tez bir zamanda bölgədəki ən diqqət çəkən evlərdən birinə çevrilib.
Rusiyanın Çelyabinsk şəhərində yaşayan Həmidullah İlçibayev, demək olar ki, tamamilə şüşə butulkalarla örtülmüş qeyri-adi bir ev tikib. 52 yaşlı İlçibayev təxminən 99 kvadratmetrlik tikili üçün 12.000-dən çox boş şüşə butulkadan istifadə edib. Buna görə də ev regionun ən maraqlı tikililərindən biri kimi tanınıb. O, 12.000 butulkanı 3 ilə toplayıb.
İlçibayevin bu layihəyə başlamaq qərarı təsadüfi olmayıb. O, əvvəllər şüşə butulkalarla fərqli tikililər yaratmaq barədə düşünmüşdü və övladları onun bir gün belə bir ev tikməsini istəyirdilər.
İkinci oğlunu kiçik yaşda itirdikdən sonra bu ideyanı həyata keçirmək qərarına gəlib və butulka toplamağa başlayıb. O, bəzi butulkaları özü alıb, digərlərini isə yerli restoranlar bağışlayıb.
İlçibayev kərpic kimi şüşələrdən istifadə edərək divar hörüb.
Həmidullah İlçibayev topladığı şüşələrə adi dekorativ materiallar kimi deyil, divar tikintisində istifadə olunan kərpic kimi yanaşırdı. O, şüşələri möhkəm bir təməlin ətrafına üfüqi şəkildə düzüb və quruluşu sabitləşdirmək üçün aralarına xüsusi bir qarışıq töküb. Beləliklə, şüşə butulkalar yalnız xarici görünüşü müəyyən edən bir detal deyil, həm də evin quruluşuna daxil edilib.
Xaricdən şüşələrin dibləri yaşıl teksturalı bir səth əmələ gətirir. Lakin içəridən ev əsasən normal bir evə bənzəyir. İlçibayev müxtəlif ölçülü şüşələrin uclarını eyni səviyyəyə gətirmək üçün şüşə kəsicidən istifadə edib.Hətta bu işdə o qədər bacarıqlı olub ki, şüşələrin diametrini millimetrə qədər qiymətləndirə bilib.
Şüşə butulkalardan hazırlanmış ev zamanla Çelyabinskdə maraqlı bir tikili halına gəlib. "Palace Oz" kimi tanınan ev həm görünüşü, həm də arxasındakı hekayəsi ilə ərazidə maraqlı bir yerdir. İlçibayev evin möhkəm olduğunu və uzun illər dayanacağını deyir.
Evin maraqlı cəhətlərindən biri onun qiymətidir. İlçibayev qeyd edir ki, bu üsul ənənəvi materiallardan ev tikməkdən daha ucuzdur. Lakin onun üçün əsas məsələ pul deyildi. Bu tikili mərhum oğlunun arzusunu yaşatmaq üçün yaradılmışdır.
Aynil