İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsal etməyi hədəfləmədiyini bildirərək, bu barədə dünyaya zəmanət verməyə hazır olduqlarını deyib.


 


Pezeşkian İranın şərəf və ləyaqəti məsələsində isə geri addım atmayacaqlarını vurğulayıb. Bu bəyanat beynəlxalq analitiklər tərəfindən fərqli şəkildə izah olunub. Bəziləri bunu İranın Qərblə, xüsusilə ABŞ və Avropa İttifaqı ilə yeni bir nüvə sazişi imzalamaq istəyi kimi görsə də, digərləri bunu iqtisadi sanksiyaların yumşaldılmasına hesablanmış strateji bir gediş hesab edir.


 


Digər tərəfdən, rəsmi Tehranın bu zəmanət vədlərinə ABŞ və İsrail kimi dövlətlərin nə dərəcədə etibar edəcəyi beynəlxalq siyasətin ən aktual suallarından biridir. Pezeşkianın "dünyaya zəmanət verməyə hazırıq" bəyanatı İranın Qərblə, xüsusilə ABŞ və Avropa İttifaqı ilə yeni bir nüvə sazişi imzalamaq istəyindən xəbər verir, yoxsa bu, sadəcə sanksiyaların yumşaldılmasına yönəlmiş taktikadır? ABŞ və İsrail Pezeşkianın bu "zəmanət" bəyanatına nə dərəcədə etibar edəcək?


 


Sfera.az-a bu haqda açıqlama verən politoloq Şəhla Cəlilzadənin sözlərinə əsasən, İran rəsmi səviyyədə daima nüvə silahı istehsal etmək niyyətinin olmadığını bəyan edib və Pezeşkianın səsləndirdiyi fikirlər əslində illərdir mövcud olan xəttin davamıdır:


 



 


"Düzdür, uranın təqribən 4% zənginləşdirilməsi sivil məqsədlər üçün yetərli olmalı idi. Hazırda 60%-dən yüksək zənginləşdirmə artıq başqa ehtimalları doğurur və ABŞ-nin İrana təzyiqi də məhz bu ehtimallar üzərindən qurulub, real fakta söykənmir. Məsud Pezeşkian illərdir bəyan olunan mövqedən fərqli bir şey söyləməyib. 2015-ci ildə ilk dəfə nüvə sazişi (JCPOA) imzalananda da rəsmi Tehran uran zənginləşdirməsindən yalnız sülh məqsədləri üçün istifadə edəcəyini bəyan etmişdi. Tramp hazırda Obama dövründə əldə olunan müqaviləyə tamamilə zidd bir razılaşma formalaşdırmağa çalışır. Başqa sözlə, İranın heç sivil məqsədlərlə də uran zənginləşdirməsinə icazə verilmək istənilmir. Bu isə İran üçün, özlərinin dili ilə desək, şərəf-ləyaqət və suveren haqların təmin olunması məsələsidir”.


 


Politoloqun fikrincə, rəsmi Tehranın bu məsələdəki geri addım atmamaq israrını sanksiyaların yumşaldılmasına yönəlmiş bəsit bir gediş kimi qiymətləndirmək olmaz:


 


"İranın bu mövqeyini sadəcə bir taktika adlandırmaq yanlışlıq olar. Bu, ölkə üçün son dərəcə prinsipial bir məsələdir. Hətta bütün sanksiyalara, müharibə təhdidlərinə və ən son blokadalara baxmayaraq, İran bu prinsipial məqamda güzəştə getmək niyyətində deyil. Qərblə danışıqları dalana dirəyən əsas məqam da məhz budur”.


 


Bəsti Rəfizadə


Sfera.az