İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçi deyib ki, İran müharibəyə hazırdır, ABŞ və ya İsrailin yeni hücumu halında hədəflərini əvvəlcədən müəyyən edib.
O bildirib ki, İranın mümkün cavabları əvvəlkilərdən fərqli olacaq, sürpriz və yeni taktikaları əhatə edəcək.
Maraqlıdır, İran ABŞ və İsrailə hansı "sürpriz"i hazırlaya bilər?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Züriyə Qarayeva söyləyib ki, İran rəsmisinin “sürpriz” mesajı daha çox psixoloji və strateji çəkindirmə məqsədi daşıyır:
“Tehran anlayır ki, ABŞ və ya İsrail ilə birbaşa genişmiqyaslı müharibədə klassik hərbi üstünlük qarşı tərəfdədir. Buna görə də İranın əsas üstünlüyü qeyri-ənənəvi cavab imkanları, regional proksi qüvvələr, kibertəhlükəsizlik əməliyyatları və enerji marşrutlarına təsir potensialıdır. Mümkün “sürpriz” ssenarilərindən biri Hörmüz boğazında nəqliyyat risklərinin artırılması, İsrailin strateji infrastrukturlarına qarşı koordinasiyalı raket və dron hücumları, yaxud regiondakı ABŞ bazalarına qarşı dolayı təzyiq ola bilər. İran son illərdə raket texnologiyası və pilotsuz uçuş aparatları sahəsində ciddi imkanlar formalaşdırdığı üçün fərqli taktiki kombinasiyalar gündəmə gələ bilər”.
Politoloq digər tərəfdən Tehranın əvvəlki hücumlardan fərqli olaraq daha asimmetrik və uzunmüddətli təzyiq modelinə üstünlük verə biləcəyini əlavə edib:
“İran rəhbərliyi anlayır ki, açıq müharibə iqtisadi və daxili sabitlik baxımından ölkə üçün ciddi risklər yaradır. Buna görə də “sürpriz” dedikdə təkcə hərbi əməliyyat yox, regionda gözlənilməz diplomatik və təhlükəsizlik gedişləri də nəzərdə tutula bilər. Məsələn, İranın regiondakı müttəfiq qrupları eyni anda müxtəlif cəbhələrdə aktivləşdirməsi ABŞ və İsrail üçün təhlükəsizlik yükünü artıran ssenari hesab olunur. Bununla yanaşı, Tehran çalışır ki, qarşı tərəfə “cavabımız əvvəlkilər kimi məhdud olmayacaq” mesajı verərək mümkün hücumların qarşısını öncədən siyasi-psixoloji yolla alsın”.
Fidan Hacızadə
Sfera.az