Araşdırmalar göstərir ki, qadınlar kişilərdən orta hesabla təxminən 5 il daha uzun yaşayırlar. Alimlər hesab edirlər ki, bu fərqin yaranmasına həm bioloji xüsusiyyətlər, həm də həyat tərzi ilə bağlı amillər təsir edir. 




Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qadınların uzunömürlü olmasında hormonlar, genetik faktorlar və daha sağlam davranış vərdişləri mühüm rol oynayır.




Böyük Britaniyanın Oksford Əhali Yaşlanması İnstitutunun direktoru Sara Harper bildirib ki, demək olar bütün ölkələrdə qadınlar kişilərdən daha uzun yaşayır. Lakin ölkələr arasında fərq dəyişir. Məsələn, Rusiya və Ukraynada qadınlarla kişilər arasında ömür fərqi daha yüksəkdir.




Mütəxəssislər bunu əsasən kişilər arasında siqaret və alkoqol istifadəsinin daha geniş yayılması, həmçinin riskli davranışlarla əlaqələndirirlər. Kişilər daha təhlükəli peşələrdə çalışır, həkimə daha gec müraciət edir və yol qəzaları, zorakılıq və intihar halları onlarda daha çox müşahidə olunur.




Alimlərin diqqət çəkdiyi əsas məqamlardan biri də hormonlardır. İspaniyalı fizioloq Konsuelo Borrasın sözlərinə görə, estrogen hormonu qadın orqanizmini bir çox xəstəliklərdən qoruyur. Bu hormon immun sistemini gücləndirir, sümük və beyin sağlamlığını dəstəkləyir, həmçinin hüceyrələrin yaşlanmasını ləngidir.




Kişilərdə əsas hormon olan testosteron isə daha riskli davranışlarla əlaqələndirilir. Bəzi araşdırmalar testosteronun orqanizmə mənfi təsir göstərə biləcəyini də ortaya qoyub.




Alimlər bildirirlər ki, qadınların daha uzun yaşaması onların daha sağlam olması anlamına gəlmir. Araşdırmalara görə, qadınlar həyat boyu bel ağrısı, depressiya və digər xroniki xəstəliklərlə daha çox qarşılaşırlar.




Ekspertlər hesab edir ki, uzun və keyfiyyətli həyat üçün həm qadınlar, həm də kişilər sağlam qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və stressin idarə olunmasına diqqət yetirməlidirlər.


 


Mənsumə

Sfera.az