Texnologiya nəhəngi "Oppo" güclü texniki göstəriciləri ilə diqqət çəkən yeni smartfon seriyası olan "Reno 16" və "Reno 16 Pro" modellərini Çin bazarında satışa çıxarıb.
Sfera.az xəbər verir ki, hər iki cihaz yüksək performansı və kamera imkanları ilə istifadəçilərin bəyənisinə təqdim olunub.
"Oppo Reno 16" modeli 6,32 düymlük OLED ekranla təchiz olunduğu halda, "Reno 16 Pro" variantı daha böyük 6,78 düymlük OLED panellə gəlib. Hər iki smartfon 120 Hz yenilənmə tezliyini və 10 bitlik rəng dərinliyi standartını dəstəkləyir.
Modellərin aparat təminatında da ciddi fərqlər var. “Reno 16” gücünü "Dimensity 8550 SUPER" çipsetindən alır. Cihaz 80W sürətli şarj dəstəkli 6700 mAh tutumlu batareya ilə təmin edilib. “Reno 16 Pro” isə "Dimensity 9500s" prosessoru ilə işləyir. Bu modeldə isə 80W kabelli və 50W kabelsiz şarjı dəstəkləyən 7000 mAh-lıq nəhəng batareya yer alıb.
Hər iki flaqmanda "Samsung HP5" sensoruna sahib 200 meqapiksellik əsas kamera, 50 meqapiksellik ultra genişbucaqlı və 3,5x optik yaxınlaşdırma (zoom) xüsusiyyətli 50 meqapiksellik periskop kamera mövcuddur. Smartfonların ön hissəsində isə avtofokus dəstəkli 50 meqapiksellik selfi kamerası yerləşdirilib.
"Android 15" əməliyyat sistemi bazasında yaradılan "ColorOS 16" interfeysi ilə qutudan çıxan telefonlar stereo dinamiklər və xarici təsirlərə qarşı yüksək dözümlülük nümayiş etdirən IP66/IP68/IP69/IP69K sertifikatları ilə təchiz olunub. İnternet bağlantısı tərəfində isə "Pro" modeli "Wi-Fi 7", standart model isə "Wi-Fi 6" texnologiyasını dəstəkləyir.
Çin bazarında müxtəlif rəng seçimləri ilə artıq satışda olan smartfonların qiymətləri belədir:
“Oppo Reno 16” (12 GB + 256 GB): təxminən 510 dollar
“Oppo Reno 16 Pro” (12 GB + 256 GB): təxminən 540 dollar
Yeni seriyanın qlobal bazara çıxış tarixi də artıq bəllidir. "Oppo"nun bu modelləri cari ilin iyun və ya iyul aylarında dünya bazarına çıxaracağı gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az