Bu gün Azərbaycan tarixinin ən əlamətdar və qürurverici günlərindən biri, 28 May Müstəqillik Günüdür.




Sfera.az xəbər verir ki, 1918-ci ilin məhz bu günündə Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.


 


Bu tarixi hadisə xalqımızın azadlıq, müstəqillik və dövlətçilik ənənələrinin ən mühüm səhifələrindən biri hesab olunur.




Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa müddətdə mühüm dövlətçilik addımları atılıb. Demokratik idarəetmə sistemi qurulub, dövlət atributları qəbul edilib, qadınlara seçki hüququ verilib və milli ordu formalaşdırılıb. Həmin dövrdə qəbul edilən qərarlar Azərbaycanın müasir dövlətçilik tarixində mühüm rol oynayıb.




1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası bu tarixi irsi davam etdirərək güclü və müstəqil dövlət quruculuğu yolunda mühüm nailiyyətlər əldə edib. Bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, siyasi və iqtisadi baxımdan güclü ölkələrdən biri kimi tanınır.




28 May yalnız tarixi gün deyil, həm də milli birlik, azadlıq və vətən sevgisinin rəmzidir. Bu əlamətdar gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir və xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin simvolu kimi yadda qalır.


 


Müstəqillik Günümüz mübarək!


 


Niyaz Hacıyev 

Sfera.az