İspaniyanın Əlhaurin de la Torre şəhərində yüzlərlə yerli qadının iştirakı ilə həyata keçirilən qeyri-adi layihə həm sosial həmrəylik, həm də ekoloji həll nümunəsinə çevrilib.
Sfera.az xəbər verir ki, şəhərin əsas alış-veriş küçəsini yay istisindən qorumaq məqsədilə 300 yerli qadın üç il ərzində nəhəng toxuma örtük hazırlayıb.
Əl işi ilə toxunan bu rəngarəng örtüyün uzunluğu 60 metrə çatıb.
Layihənin əsas məqsədi küçədə kölgəlik yaratmaq olsa da, nəticə gözləniləndən daha uğurlu olub. Belə ki, toxuma örtük yay aylarında küçədə temperaturun təxminən 5-6 dərəcə aşağı düşməsinə kömək edib.
Zamanla layihə daha da məşhurlaşıb və örtüyün üzərində Tom Kruz və Merlin Monro kimi Hollivud ulduzlarının toxunmuş portretləri də yer alıb.
Bu təşəbbüs bir neçə beynəlxalq mükafata layiq görülüb və hətta ABŞ-nin Luiziana ştatındakı Nyu Ayberiya şəhərində oxşar icma layihəsinin yaranmasına ilham verib.
Hər ilin payız mövsümündə şəhər sakinləri nəhəng örtüyü küçədən sökərək yuyur və növbəti yay mövsümü üçün xüsusi şəkildə qoruyub saxlayırlar.
Bu rəngarəng layihə ənənəvi əl işlərinin müasir ekoloji problemlərin həllində və insanları bir araya gətirməkdə necə mühüm rol oynaya biləcəyini göstərən maraqlı nümunələrdən biri hesab olunur.
Niyaz Hacıyev
Sfera.az