ABŞ, Livan və İsrail hərbçilərinin nümayəndələri Pentaqonda keçiriləcək görüşdə hərbi və təhlükəsizlik koordinasiya orqanının yaradılmasını müzakirə edəcəklər.


 


Sfera.az xəbər verir ki, bu barədə Vaşinqtondakı ərəb diplomatik mənbəyi "Əl-Hadath TV"-yə bildirib.


 


"Baş Qərargahın Əməliyyatlar üzrə rəisi, briqada generalı Corc Rizkallahın rəhbərlik etdiyi Livan hərbi nümayəndə heyətinin xahişi ilə atəşkəsin gücləndirilməsi gündəmdəki ilk məsələdir", - deyə o bildirib.


 


Mənbə əlavə edib ki, Livanlılar İranyönlü şiə təşkilatı Hizbullaha qarşı hərbi əməliyyatların intensivliyini azaltmaq üçün İsrailə təzyiq göstərmək məqsədilə ABŞ-nin müdaxiləsinə ümid edirlər.


 


Onun sözlərinə görə, gərginliyin azaldılması çağırışı Pentaqonda keçiriləcək görüşün nəticələrindən biri olacaq.


 


Qeyd edək ki, görüş iyunun 2-3-də Vaşinqtonda keçirilməsi planlaşdırılan Livan-İsrail danışıqlarının dördüncü raundundan əvvəl baş tutacaq./teleqraf