Astronomlar uzun illərdir Günəş sisteminin keçmişdə hazırkı səkkiz planetdən daha çox planetə sahib olduğunu ehtimal edirdilər.


 


İndi isə yeni elmi araşdırma bu nəzəriyyəni gücləndirən mühüm dəlillər ortaya qoyub.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, alimlərin fikrincə, milyardlarla il əvvəl Günəş sistemində mövcud olmuş sirli “beşinci nəhəng planet” sonradan kosmosa qovulub və bu hadisə bugünkü planet sisteminin formalaşmasında həlledici rol oynayıb. “Con Hopkins” Universitetinin alimi Metyu Klement və həmkarlarının nüfuzlu “Icarus” astronomiya jurnalında dərc olunan tədqiqatına görə, Yupiter və Uranın peyklərinin bu günə qədər sağ qalması məhz həmin itirilmiş planetlə əlaqəli ola bilər.


 


Araşdırmada bildirilir ki, Günəş sisteminin yaranmasından sonrakı ilk milyard illərdə nəhəng planetlər- Yupiter, Saturn, Uran və Neptun hazırkı mövqelərində deyildilər. Onlar bir-birinə və Günəşə daha yaxın orbitlərdə yerləşərək zamanla cazibə qüvvəsinin təsiri altında indiki mövqelərinə doğru hərəkət ediblər. Bu miqrasiya prosesi isə planetlərin peykləri üçün böyük təhlükə yaradırdı. Planetlər arasındakı güclü cazibə qarşılıqlı təsirləri peyklərin orbitlərini poza, onları kosmosa ata və ya toqquşmalara səbəb ola bilərdi. Tədqiqatçılar tərəfindən aparılan kompüter simulyasiyaları göstərib ki, həmin qarışıq dövrdə Yupiter və Uranın peyklərinin salamat qalması olduqca çətin idi. Simulyasiyalarda Yupiterin peykləri ssenarilərin yalnız 15 faizində, Uranın peykləri isə 9 faizində sağ qala bilib. Hər iki planetin peyk sisteminin eyni anda qorunub saxlanılması ehtimalı isə təxminən 1 faiz təşkil edib.


 


Alimlər erkən Günəş sistemini əks etdirən 122 fərqli ssenarini minlərlə dəfə təkrarlayaraq analiz ediblər. Nəticədə həm Yupiterin, həm də Uranın peyklərinin bu günə qədər qorunduğu cəmi iki uğurlu model müəyyən edilib. Bu modellərin ortaq xüsusiyyəti isə sistemdə əlavə bir nəhəng planetin – ehtimal olunan buz nəhənginin mövcudluğu olub. Araşdırmaya görə, Yupiter öz miqrasiyası zamanı bu planetlə yaxın qarşılaşma yaşayıb. Güclü cazibə qüvvəsinin təsiri nəticəsində isə sirli planet Günəş sistemindən tamamilə qovularaq ulduzlararası fəzaya göndərilib.


 


Tədqiqat müəllifləri hesab edirlər ki, həmin buz nəhənginin sistemdən çıxarılması digər nəhəng planetlərin hərəkət trayektoriyalarını dəyişib və onların qarşılıqlı təsirlərini zəiflədib. Bu proses xüsusilə Uranı digər planetlərlə təhlükəli yaxınlaşmalardan qoruyub. Nəticədə Uranın və Yupiterin peykləri məhv olmaqdan xilas olub və zamanla sabit orbitlərə yerləşiblər. Alimlərin qənaətinə görə, Günəş sisteminin bugünkü nizamlı görünüşünün arxasında milyardlarla il əvvəl baş vermiş son dərəcə xaotik və təsadüfi hadisələr dayanır. Yeni araşdırma göstərir ki, hazırkı kosmik tarazlığın formalaşmasında artıq mövcud olmayan, Günəş sistemindən qovulmuş bir planet mühüm rol oynayıb.


 


Fidan Hacızadə


Sfera.az