Cames Vebb Kosmik Teleskopu (JWST) erkən kainatda yerləşən və mövcud nəzəriyyələrə meydan oxuyan nəhəng qara dəlik aşkar edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Abell2744-QSO1” adlı obyekt kainatın indiki yaşının cəmi 5%-i olduğu dövrdə mövcud olub. Alimlər “Pandora Klasteri” kimi tanınan “Abell 2744” qalaktika topasının yaratdığı cazibə linzası effekti sayəsində bu uzaq obyekti ətraflı öyrənə biliblər. Məlum olub ki, qara dəliyin kütləsi Günəşdən təxminən 50 milyon dəfə böyükdür və ev sahibi qalaktikanın ümumi kütləsinin ən azı üçdə ikisini təşkil edir.
Tədqiqatçılar qara dəliyin ətrafındakı qazın əsasən hidrogen və heliumdan ibarət olduğunu müəyyən ediblər. Ağır elementlərin çox az olması onun adi ulduzların çökməsi nəticəsində deyil, Böyük Partlayışdan sonra birbaşa maddənin çökməsi ilə formalaşmış ola biləcəyini göstərir. Araşdırma qara dəliklərin yaranması ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Alimlər hesab edirlər ki, kainatın ilk böyük strukturları qalaktikalar deyil, məhz nəhəng qara dəliklər olmuş ola bilər.
Fidan Hacızadə
Sfera.az