Yaşlı anasını "Qocalar evi"nə yerləşdirən qadının açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.


 


Sfera.az xəbər verir ki, sorğu zamanı danışan qadın bildirib ki, anasına uzun illər ərzində ailə üzvləri tərəfindən qayğı göstərilib. Onun sözlərinə görə, anası yataq xəstəsi olduğundan və daimi qulluğa ehtiyac duyduğundan sonradan bu qərarı vermək məcburiyyətində qalıblar.


 


Qadın qeyd edib ki, anasına 30 il ərzində evdə baxılıb və bu müddətdə ailə üzvlərinin sağlamlığına da təsir göstərib:


 


"Anamı çox sevirik. Onu atmamışıq, mütəmadi olaraq ziyarət edirik".


 


O, anasının özəl qocalar evində qaldığını, ona ayrıca otaq ayrıldığını və göstərilən xidmətdən razı olduqlarını deyib. Həmçinin müəssisədəki kameralar vasitəsilə anasının vəziyyətini izləyə bildiklərini vurğulayıb.


 


Qadının sözlərinə görə, özəl "Qocalar evi"nin aylıq xərci üç övlad arasında bölüşdürülür və ailə anasının rahatlığı üçün bütün imkanlardan istifadə etməyə çalışır.


 


Səsləndirilən fikirlər sosial mediada birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər ailənin vəziyyətini anlayışla qarşıladıqlarını bildiriblər, digərləri isə valideynlərin qocalar evinə yerləşdirilməsi məsələsi ilə bağlı fərqli mövqelər səsləndiriblər. Bu səbəbdən paylaşım geniş müzakirə mövzusuna çevrilib.\milli.az