Prezident İlham Əliyevin kənd təsərrüfatına həsr olunmuş müşavirədə səsləndirdiyi "kənd təsərrüfatında dinamika məni qane etmir" fikri aqrar sektorda uzun müddətdir müzakirə olunan problemləri yenidən gündəmə gətirib.
Dövlət başçısı çıxışında ərzaq təhlükəsizliyi, özünütəminetmə səviyyəsi və məhsuldarlığın artırılması məsələlərinə xüsusi diqqət çəkərək yeni Dövlət Proqramının hazırlanacağını açıqlayıb.
Bəs Prezidentin narazılığının arxasında hansı səbəblər dayanır və hazırlanmaqda olan proqram kənd təsərrüfatında gözlənilən dönüşü yarada biləcəkmi?
Sfera.az-a açıqlama verən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, müşavirənin keçirilməsi özü-özlüyündə mühüm hadisədir:
“Neçə illərdir kənd təsərrüfatı ilə bağlı belə geniş formatlı müşavirə keçirilmirdi. Ayrı-ayrı sahələr – pambıqçılıq, baramaçılıq və ya fındıqçılıq üzrə toplantılar olmuşdu. Ancaq ümumi kənd təsərrüfatındakı vəziyyətin, ərzaq təminatının və gələcək proqramların müzakirə edildiyi müşavirə uzun illərdir təşkil olunmamışdı”.
Ekspert hesab edir ki, Prezidentin inkişaf dinamikasından narazı qalmasının əsas səbəblərindən biri son dövrlərdə aqrar sektorda yaranmış problemlərin daha açıq görünməsidir.
“Son vaxtlar mətbuatda kənd təsərrüfatının vəziyyəti ilə bağlı çoxsaylı tənqidi yazılar dərc olunub. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ciddi tənqid edilib. Digər tərəfdən, ölkənin kənd təsərrüfatı məhsulları üzrə idxalı artır. Bu isə daha çox valyutanın ölkədən çıxması deməkdir. İstehsal vasitələrinin əksəriyyəti xaricdən gətirilir, onların qiyməti yüksəkdir və bəzən keyfiyyəti də qənaətbəxş olmur. Nəticədə yerli məhsulun maya dəyəri artır və rəqabət qabiliyyəti zəifləyir. Son dövrlərdə aşkarlanan maliyyə pozuntuları da vəziyyətə təsirsiz ötüşməyib. Hesablama Palatası nazirlik sistemində ciddi nöqsanlar aşkarlayıb. Əkin aparılmayan sahələrə subsidiya verilməsi, mövcud olmayan fəaliyyətlərə görə sığorta ödənişlərinin həyata keçirilməsi kimi faktlar üzə çıxıb. Bu problemlər cəmiyyətdə ciddi narahatlıq yaradıb”.
Mütəxəssisin sözlərinə görə, Prezidentin çıxışı həm mövcud tənqidlərə cavab, həm də yeni Dövlət Proqramının anonsu xarakteri daşıyır:
“Mesaj ondan ibarətdir ki, mövcud problemlər görünür və onların həlli üçün yeni proqram hazırlanır. Sənəddə qarşıya məqsədlər qoyulub, amma həmin məqsədlərə hansı mexanizmlərlə nail olunacağı da aydın göstərilməlidir. Proqramda buğda məhsuldarlığının artırılması, süd və ət istehsalının yüksəldilməsi kimi hədəflər müəyyənləşdirilsə də, əsas problemlərin həlli yolları əks olunmayıb. Buğda üzrə hektardan 50 sentner məhsul götürmək hədəfi qoyulur. Amma bunun üçün hansı toxumdan istifadə ediləcək, su təminatı necə yaxşılaşdırılacaq, keyfiyyətli gübrə və aqrotexniki xidmətlər necə təşkil olunacaq - bunlar göstərilmir. Süd və ət istehsalının artırılmasından danışılır, amma yem bazasının genişləndirilməsi, silos və senaj istehsalının artırılması ilə bağlı demək olar ki, heç nə yoxdur”.
Məhərrəmli vurğulayıb ki, kənd təsərrüfatında əsas problem subsidiya məbləğinin azlığı deyil, sistemli çatışmazlıqlardır:
“Fermerə daha çox pul verməklə məhsuldarlığı artırmaq mümkün deyil. Su təminatı, keyfiyyətli toxum, gübrə, maarifləndirmə və texniki təminat kimi problemlər həll edilməlidir. Son 20 ilə yaxın dövrdə buğda istehsalçılarına böyük dəstək verilsə də, məhsuldarlıqda ciddi sıçrayış baş verməyib. Heyvandarlıq sektorunda da vəziyyət narahatedicidir. Bu ilin ilk aylarında həm süd istehsalında, həm də heyvanların baş sayında azalma müşahidə olunur. Bunun əsas səbəbi keyfiyyətli yem çatışmazlığıdır. Ət istehsalındakı artım isə məhsuldarlığın yüksəlməsi hesabına deyil, heyvanların daha çox kəsimə göndərilməsi hesabına baş verir”.
Vahid Məhərrəmlinin hesab edir ki, yeni Dövlət Proqramının uğuru yalnız hədəflərin elan edilməsindən deyil, həmin hədəflərə çatmaq üçün konkret və işlək mexanizmlərin hazırlanmasından asılı olacaq.
Firuzə Əliyeva
Sfera.az